Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin Davos görüşünü şərh edən rusiyalı politoloq Stanislav Tarasov iddialı proqnoz verib. Politoloq bildirib ki, bu ilin iyununda İlham Əliyevlə Nikol Paşinyan Qarabağla bağlı saziş imzalayacaqlar və həmin sazişə görə, erməni tərəfi "dolayı güzəştlər” qismində bir neçə rayondan çəkilməli olacaq. Bundan sonra Türkiyə parlamenti "erməni-türk protokolları”nı ratifikasiya edəcək, iki ölkə arasında diplomatik münasibətlər bərpa olunacaq, nizamlanmanın paket variantı ortaya qoyulacaq və bununla da "yoldaş Paşinyanın istəyi yerinə yetiriləcək”.
Bəs bu proqnozun özünü doğrultması nə dərəcədə realdır?
Politoloq Qabil Hüseynli BakuPost-a açıqlamasında deyib ki, Ermənistanı kompromislərə hazırlamaq istiqamətində iş aparılır.
Bu istiqamətdə həm ABŞ, həm də Rusiyanın rolu var. ABŞ-ın rolu daha pozitiv və cəlbedici görünür: "Əgər Rusiya Dağlıq Qarabağ ətrafındakı 5 rayonun bəlli bir şərt daxilində qaytarılmasını tələb edirsə, ABŞ Dağlıq Qarabağ ətrafındakı 7 rayonun hamısının qaytarılmasını irəli sürür. Rusiyanın şərti Qarabağa keçici status verməklə bağlıdırsa, ABŞ sadəcə, iki ölkə arasındakı kommunikasiya xətlərinin, avtomobil və dəmir yollarının, əgər neft-qaz kəmərləri varsa, onların açılmasını, iqtisadi, humanitar münasibətlərin bərpasını istəyir.
Görünür ki, Nikol Paşinyan üzərində böyük təzyiqlər var, ancaq Ermənistan cəmiyyəti belə "güzəşt”lərə hazır deyil. Ermənistanda köhnə və yeni nəsil işğal edilmiş torpaqları qanuni torpaqları sayır, bu məsələdə hər hansı güzəştin olmayacağını iddia edirlər.
Ermənistan və Azərbaycan xarici işlər nazirləri xalqları böyük sülhə hazırlamaqla bağlı fikirlər səsləndirərkən bu, tamamilə Ermənistan və onun əhalisinə aid idi. Çünki bu ölkədə mövcud reallıqları dərk edən çox az insan var, bu adamların böyük əksəriyyətini məsələnin kompromis yolla həll ediləcəyinə inandırmaq olmur. Uzun illər davam edən qəsbkar siyasəti normal bir siyasət sayırlar və "Böyük Ermənistan” kimi xəyaldan yoğurulmuş bir ideyanın ətrafında təbliğatın nəticəsində hər hansı güzəşti qəbul etmirlər. Ancaq Azərbaycanın diplomatiyasının uğurunu qeyd etmək lazımdır. Dünya bölgədə baş verən hadisələrdən halidir, torpaqların işğaldan azad edilməsi və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləməsinə dair təkliflər hər gün bir az da çoxalmaqdadır.
Artıq dünya bu məsələni əvvəlki kimi ikili standartlarla dəyərləndirmir, Azərbaycanın ərazi bütövlüyünü daha çox dövlət və beynəlxalq təşkilat dəstəkləməkdədir. Bura Azərbaycanın güclü hərbi potensialını və beynəlxalq aləmdə siyasi dəstəyin çoxalmasını əlavə etsək, bu, Ermənistanı çıxılmaz vəziyyətdə qoyur. Üstəlik Ermənistanın inkişafı, Paşinyanın xalqa verdiyi vədlərin yerinə yetirilməsi, Ermənistan ətrafında blokadanın götürülməsi Türkiyə və Azərbaycanla əlaqələrin qurulması əhalinin maddi rifahının yüksəldilməsi ilə qırılmaz surətdə bağlıdır”.
Q. Hüseynli qeyd edib ki, erməni xalqını buna inandırmaq istiqamətində ayıq siyasət aparılmasa, onlar yenə də qəsbkar, millətçi fikirlərin əsiri olaraq qala bilərlər: "Bütün bunlara baxmayaraq, Ermənistanda da ayılma prosesi gedir. Ən azından siyasi elitanın daha realist düşünən təbəqəsi başa düşür ki, kompromislər olmadan böyük sülh mümkün olmayacaq, Ermənistan yaranmış vəziyyətdə sosial-iqtisadi inkişafdan kənarda qalacaq. Kənar oyunçular Rusiya və ABŞ daha çox strateji maraqlarını nəzərdə tutaraq bu məsələyə yanaşırlar. Amma hər bölgədə sülhün olmasını istəyən dövlətlərin sayı yetərincədir və bu istiqamətdə beynəlxalq səylər güclənir.Təəssüflər olsun ki, Ermənistan hələ ki, sülh istiqamətində ciddi güzəştlərə hazır deyil. Bunun da səbəbi odur ki, indiyə qədər dünya Ermənistanın işğalçılıq siyasətini pərdələmək və əsl həqiqətlərə ikili standartlarla yanaşmaq xətti tuturdu. Bu səbəbdən də Ermənistan cəmiyyətinə ayıldıcı təsir göstərəcək təzyiqlər minimum səviyyədə idi . İndi isə təsirlər çoxalıb və Azərbaycan da güclü ordu ilə torpaqlarını azad edəcəyini və ərazi bütövlüyünü təmin edəcəyini həm beynəlxalq güclərə, həm də Ermənistana xatırlatmaqdadır. Bu məsələ ilə zarafat etmək olmaz, ona görə də sülhə doğru addımlamaq daha böyük önəm kəsb edir”.
Politoloq Davosda 1,5 saat davam edən görüşdə ciddi məsələlərin müzakirə olunduğu qənaətindədir:
"Biz bunu bu gün daha aydın dərk edirik. Stanislav Tarasovun da fikirlərində müəyyən həqiqətlər var. Bu həqiqətlər sülhün hazırlanması istiqamətində aparılan səylərdən qaynaqlanır. Stanislav Tarasov iyun ayını son təqvim kimi göstərməsinə baxmayaraq, bu məsələdə başlanğıc addım atılmaqdadır. Düzdür, Ermənistan tərəddüdlüdür, dirəniş göstərməkdə davam edir. Amma Azərbaycan tərəfi beynəlxalq dəstəyə söykənərərk daha əzmkar, daha güclü xarici siyasət xətti aparmaqla Ermənistanı sındırmağa çalışır və bəzi məqamlarda da buna nail olur. Mən əminəm ki, proses başlayıb və proses davam edəcək. Bu prosesin iyunda, avqustda, yaxud bu il boyunca davam edəcəyini söyləmək hələ çətindir. Amma hər halda danışıqlara müsbət stimul verən amillər getdikcə çoxalır. Diqqət çəkən məqamlardan biri odur, Paşinyan siyasətdə naşı olsa da, onun siyasətdə reallıqları düzgün qavrayan bir məsləhətçisi – keçmiş prezident Levon Ter Petrosyan var. Bunun Paşinyanı ayıq və praqmatik siyasət yürütməyə meylləndirə biləcəyini güman edirəm”.