Beynəlxalq Parlament Konfransının uğuru

Müasir, müstəqil Azərbaycan Respublikası 35 ilə yaxın bir dövrü əhatə edən qısa tarixində bir çox böyük nailiyyətlərə imza atıb. Xüsusilə, 2020-ci ildə Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi əmr dünya hərb tarixində görünməyən yeniliyə səbəb oldu. Belə ki, 44 gün ərzində, heç bir mülki şəxsə zərər yetirmədən, Azərbaycan Ordusu 30 il işğal altında olan ərazilərimizi işğaldan azad edərək böyük Zəfər qazandı.

Bu hadisə Azərbaycan xalqının və dövlətçiliyinin tarixində ilk böyük qələbə idi. Əlbəttə ki, bu qələbə müstəqil və suveren dövlət kimi Azərbaycanın əbədi yaşaması, hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət, eyni zamanda qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub.
Bu arzu məhz 1993-cü ildə müdrik Azərbaycan xalqının tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində gerçəkləşdi, ölkəmizdə ictimai-siyasi sabitlik təmin edildi və Azərbaycanın müasir dövlət quruculuğu üçün etibarlı zəmim yarandı.

Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış, 1995-ci ilin 12 noyabr tarixində ümumxalq səsverməsi — referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenlik və ərazi bütövlüyünün qorunması, hüquqi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynadı. 

Müstəqil Azərbaycan dövlətinin keçdiyi çətin və şərəfli yolun nəticəsi olaraq, eyni zamanda bu il Konstitusiyamızın qəbul olunmasının 30-cu və İkinci Qarabağ-Vətən Müharibəsində Zəfərimizin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi.  

Təsadüfi deyil ki, “Konstitusiya və Suverenlik İli”nin elan olunması Azərbaycan ictimaiyyəti, siyasi dairələri tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Milli Məclisi də ölkədə baş verən ictimai-siyasi hadisələrə reaksiya verən və mövcud çağırışlara uyğun olaraq müvafiq qərarlar qəbul edən bir institut kimi öz mövqeyini ortaya qoyaraq 29 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransını uğurla başa vurdu.

Bu günə qədər Azərbaycan Parlamenti ölkənin uğurlarının hüquqi əsaslara söykənməsi və qanuniləşdirilməsi istiqamətində bir çox mühüm konfranslar keçirib, siyasi konfiqurasiyanın əsas fikirlərini əks etdirən qərarlarla dövlətə dəstəyini ifadə edib. Eyni zamanda, Azərbaycan tarixində yaşadığımız uğurlar öz siyasi və hüquqi qiymətini alıb. 

“Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda keçirilən Konfransda Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Rumıniya, Tacikistan Parlamentlərinin sədrləri, Belarus, Gürcüstan, Kamboca, Serbiya Parlamentlərinin sədr müavinləri, Avropa, Afrika və Mərkəzi Asiya ölkələrini təmsil edən millət vəkilləri ilə yanaşı, bir sıra beynəlxalq parlament təşkilatlarının rəhbər şəxsləri iştirak etdilər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasının xalqımızın tarixi təcrübəsini, azadlıq əzmini əks etdirməsi, milli birliyimizi möhkəmləndirməsi, cəmiyyətin davamlı inkişafına dəstək olması, bütövlükdə konstitusiya qaydasının dövlətlərin quruculuq və tərəqqi prosesində əhəmiyyəti diqqətə çatdırıldı. 

Konfrans iştirakçıları müasir dövlətlərin hüquqi əsaslarının möhkəmləndirilməsində konstitusiyaların rolu, dövlətlərin suverenliyi və milli müstəqilliyinin qorunması məsələlərinə dair fikirlərini bölüşərək, Azərbaycan bu sahədə əldə etdiyi uğurlu təcrübəsini xüsusi vurğuladılar.
Qeyd edim ki, Konstitusiyamızın 81-ci maddəsinə əsasən, Milli Məclis qanunverici orqan olaraq artıq 30 ildir Azərbaycanda baş verən ictimai-siyasi proseslərdə yaxından fəal iştirak edir, ölkənin siyasi arxitekturasının tamamlanması işinə öz fəaliyyəti ilə əməli töhfələrini verir.

Konfrnas çərçivəsində Milli Məclisdə aparılmış məhsuldar müzakirələr bir daha sübut etdi ki, ölkə Parlamenti beynəlxalq əlaqələrdə və təmsil olunduğu beynəlxalq platformalarda, institutlar və təşkilatlar vasitəsilə Azərbaycan tarixinin təhrif olunmasına yol verməmək üçün beynəlxalq ictimaiyyətin diqqətini ölkəmiz üçün vacib olan bu kimi tarixi  hadisələrə cəlb edir.

Öz işini uğurla başa vurmuş Beynəlxalq Parlament Konfransını həmçinin Azərbaycan parlamentarizminin inkişafı və onun milli maraqlara xidmət edən müstəqil mövqeyinin göstəricisi adlandırmaq olar. Bu tədbir bir daha göstərdi ki, Milli Məclis dövlət siyasətinin mühüm istiqamətlərinə çevik münasibət bildirməklə həm milli həmrəyliyə, həm də beynəlxalq səviyyədə Azərbaycanın nüfuzunun möhkəmlənməsinə töhfə verir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı