Türkiyənin Ege Universitetinin nümayəndələri
Bakıya səfərləri çərçivəsində Azərbaycan Tibb Universitetində (ATU) olublar. Ege Universitetinin beynəlxalq əlaqələr üzrə
prorektoru, professor dr. Canan Fisun Abay, Tibb Fakültəsinin dekan müavini,
professor dr. Rüchan Sertöz ATU-nun kafedraları, klinikaları, eləcə də
Anatomiya muzeyi ilə tanış olublar.
Professor dr. Canan Fisun Azərbaycana səfərdən
məmnunluğunu bildirib: "Bakını çox bəyəndim, olduqca gözəl və müasir şəhərdir.
Universitetinizi də gəzmək imkanımız oldu. Burada tibb sahəsi üzrə yüksək təhsil
almaq üçün hər cür şərait var. Klinikalarınız da müasir, Avropa standartlarına
uyğun avadanlıqlarla təchiz olunub". Daha sonra ATU rektoru, professor Gəray Gəraybəyli
qonaqlarla görüşüb. Rektor iki universitet arasında əməkdaşlıq əlaqələrinin
genişləndiyini qeyd edib: "Universitetimizdə çox qonaqlarımız olub, kifayət
qədər ciddi və lazımi məsələlər danişılıb. Ege Universiteti ilə də gələcəkdə tələbə
mübadiləsi, ikili diplomların tanınması və diğər hər iki ali təhsil ocağı üçün
yararlı olacaq məsələlər müzakirə olunub, müqavilələr imzalanıb”.
Görüşdə həmçinin Prezident İlham Əliyevin sərəncamı
ilə təsdiq olunmuş "2019-2023-cü illər üçün Azərbaycanda ali təhsil sisteminin
beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın tərkib hissəsi
kimi beynəlxalq ikili diplomlar məsələləri müzakirə olunub. Qeyd edilib ki,
universitetlər arasında əməkdaşlıq illərdir davam edir. ATU rezidentləri Ege
Universitetinin bir çox klinikalarında rotasiyalarda olub. Lakin ikitərəfli
razılıq daha geniş əməkdaşlıq imkanları yaradır. Bu əməkdaşlıq Azərbaycanın Təhsil
Nazilriyi tərəfindən də dəstəklənir və həyata keçirilən proqram əsasında bütün
xərclər dövlət tərəfindən ödəniləcək. Daha sonra Təhsil Nazirliyinin nümayəndəsi ilə
bir sıra mövzular ətrafında müzakirələr aparılıb. Görüşün sonunda ATU ilə Ege Universiteti
arasında ikitərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Görüşdə Təhsil Nazirliyi Beynəlxalq əməkdaşlıq
şöbəsinin müdiri Nicat Məmmədli, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin
təhsil müşaviri Nəcibə Nəsibova, ATU-nun rektor müşaviri dosent Zülfüqar Musabəyov,
ATU-nun beynəlxalq işlər üzər prorektoru, dosent Orxan İsayev, Tədris hissə
müdiri dosent Samir Cavadov iştirak edib.
Ədil Ədilzadə