Həyata keçiriləcək tədbirlərin koordinasiya olunması məqsədi ilə hər bir bankda rəhbərlik səviyyəsində məsul şəxslərin ayrılması tapşırılıb
Azərbaycanda keçiriləcək I Avropa Oyunları zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin stabil fəaliyyətinin təmin olunması məqsədi ilə Azərbaycan Mərkəzi Bankında (AMB) ekvayrinq xidməti göstərən kommersiya banklarının rəhbərlərinin iştirakı ilə tədbir keçirilib.
AMB-dən "APA-Economics”ə verilən xəbərə görə, tədbirdə Avropa Oyunları zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması üçün bank rəhbərlərinə xüsusi tapşırıq verilərək, aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb:
- bankomat şəbəkəsinin kifayət qədər milli və xarici valyutada nağd pul vəsaitləri ilə təchiz edilməsi və həmçinin, texniki baxımdan daima işlək vəziyyətdə olmasının mütəmadi olaraq monitorinqinin aparılması;
- tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində işləyən satıcıların POS-terminallardan istifadə qaydaları barədə məlumatlandırılması;
- tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, həmçinin şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminalların daima işlək vəziyyətdə olması üçün monitorinqin aparılması.
Qeyd edək ki, həyata keçiriləcək tədbirlərin koordinasiya olunması məqsədi ilə hər bir kommersiya bankında rəhbərlik səviyyəsində məsul şəxslərin ayrılması tapşırılıb.