8 dekabr 2012-ci il tarixində Romada, Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında, 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilmişdir. Avropanın idman-olimpiya ailəsi Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib. Bu, böyük tarixi hadisədir. Çünki ilk dəfədir ki, Avropa Oyunları keçirilir. Olimpiya Oyunlarının Avropa qitəsində yaranmasına baxmayaraq, bu günə qədər Avropa Oyunları keçirilməyib. İlk oyunların Bakıda reallaşması əlbəttə ki, böyük nailiyyətdir, Azərbaycanın böyük uğurudur. Bu tarixi qərarın qəbul edilməsində şəksiz, ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Son illər ərzində Azərbaycan dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib.
Təbii ki, beynəlxalq mövqelərimizin möhkəmlənməsi və təsir imkanlarımızın genişləndirilməsi sayəsində ölkəmizin gələcək maraqları daha dolğun şəkildə təmin ediləcək. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə bilər. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nailiyyətlərə, ümumilikdə, Azərbaycanda idman sahəsində görülmüş işlərə Beynəlxalq və Avropa Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir.
Özünü demokratiya carçısı kimi qələmə verən "Human Rights Watch” və "Amnesty International” Beynəlxalq hüquq-müdafiə təşkilatlarının "siyasətçiləri” beynəlxalq birliyə müraciət edərək, guya, "Azərbaycanda baş verənlər Olimpiya xartiyasının azad mətbuat və insan Ləyaqəti prinsiplərinin ruhuna ziddir,” "Azərbaycanın neft dollarına göz dikən beynəlxalq birlik hakimiyyətin repressiv siyasəti qarşısında susur” və.s. əsassız fikirləri səsləndirir.Həmin müraciətlərdə Avropa ölkələrinin liderlərinə çağırış var ki, onlar Azərbaycan hökumətilə kifayət qədər sərt danışaraq, repressiyaların dayandırılması, siyasi məhbusların azadlığa buraxılması, mediaya təzyiqlərə son qoyulması kimi tələblər irəli sürsünlər. Çünki bu cür halların yaşandığı ölkədə Avropa Oyunlarının keçirilməsi yolverilməzdir.
Xarici ölkələrin kütləvi informasiya vasitələri ilə xalqımızın strateji mənafeyi üçün ziyanlı, cürbəcür şayələr yayan xarici siyasətbazların səsinə səs verən, özünü müxalifətçi adlandıran bəzi siyasətçilərimizin müsahibə və yazılarını oxuyanda isə, istər-istəməz, belə bir sual doğur: Könlündən "bir saatlıq xəlifəlik” keçən, "bəlkə də qaytardılar” xülyasından hələ də əl çəkməyi bacarmayan muzdlu siyasətbazlar kimlərin dəyirmanına su tökürlər? Görəsən, Azərbaycanın problemlərini biz azərbaycanlılardan başqa kim həll edə bilər?”
Şəxsən mənim fikrimcə, Avropa Oyunları qabağı "şou-tamaşaların” diletant aktyorlarına çevrilmiş müxalifət liderlərini ən çox narahatlığa salan qarşıdakı Avropa Oyunlarının ana xəttinin xalqın marağına xidmət etməsidir.
Avropa Oyunlarının Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir. Çünki, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün vermişdi. Rəy sorğuları zamanı müəyyən edilmişdi ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda keçirilməsini arzulayır, dəstəkləyir və bu amil də çox mühüm rol oynayır.
Avropa Oyunlarının Azərbaycan üçün iqtisadi əhəmiyyəti də az deyil. Möhtəşəm tədbirin iqtisadi gəlirlərinin qiymətləndirilməsi yalnız oyunların keçirildiyi müddətlə məhdudlaşmamalıdır.
Avropa Oyunlarının ölkə iqtisadiyyatına xeyri, biletlərin satışı, ölkəyə gələn turistlər və onların Bakıda olduğu müddətdə istər xüsusi xidmət sektoruna, istərsə də otellərə və digər sektorlara pul xərcləmələri nəticəsində formalaşacaq. Nəzərə alsaq ki, beynəlxalq qiymətləndirmələrə görə bir turist Azərbaycanda olan zaman 1 həftə ərzində orta hesabla min dollara yaxın vəsait xərcləyir, praktik olaraq 2 həftəlik yarışlarda bir turist Azərbaycan iqtisadiyyatına 2 min manat sərmayə yönəldəcək. Bu, sözsüz ki, Avropa Oyunları müddətində birmənalı şəkildə turistlər tərəfindən Azərbaycan iqtisadiyyatına yönəldilən vəsaitlərin həcminin artmasına səbəb olacaq”. Əldə ediləcək gəlirlərə, oyunların efir yayımından və müxtəlif reklamlardan gələn gəlirləri də daxil etmək lazımdır. Bununla da istər maddi, istərsə də maliyyə baxımından Avropa Oyunları töhfə vermiş olacaq.
Azərbaycana gələn turistlər məhz xarici valyutadan istifadə edəcəklər. Bu da indiki dövrdə dollar təklifini artıraraq manata tələb formalaşdıracaq.
"Ölkəyə gələn qonaqlar potensial turist rolunu oynayacaq, Avropa Oyunları yeni turistlərin ölkəyə cəlb olunması üçün baza yaradacaq. Bu da təbii ki, turizm sektorunda Azərbaycanın təqdimatı və təbliğatında mühüm rol oynayacaq. Həm cari, həm də strateji baxımdan qiymətləndirsək, Avropa Oyunlarını səmərəsiz oyunlar kimi dəyərləndirmək düzgün deyil. Bu, qısa və uzunmüddətli dövrdə öz xərclərini qarşılaya biləcək bir layihədir.
Avropa Oyunlarının keçirilməsi Azərbaycan və bu ölkənin xalqı üçün geosiyası çağırışdır: "Bu tədbirin müvafiq səviyyədə təşkil edilməsi və keçirilməsi ilə üç məqsəd əldə olunacaq. Birincisi, strateji mərkəz Bakı olmaqla Avropanın sərhədləri Cənubi Qafqaz ölkələrinə kimi genişlənəcək. Ikincisi, Bakı başqa əhəmiyyətli tədbirləri keçirmək qabiliyyətini bütün dünyaya nümayiş etdirəcək. Uçüncüsü, Oyunların keçirilməsi regiondakı sülh və sabitlik barədə dünya ictimaiyyətinə göndərilmiş özünəməxsus ismarıc olacaq.
Dərindən fikirləşəndə xalqa nə lazımdır?
Ölkədə əmin-amanlıq olsun, erməni şovinizminin vəhşicəsinə işğalına məruz qalmış torpaqlarımız mümkün qədər dinc siyasi danışıqlar yoluyla xalqımıza qaytarılsın, müəsisələrimiz öncül texnalogiya əsasında daha da inkişaf etsin, xalq təsərrüfatımızın bütün sahələrində istehsalçı qüvvələrimizin məhsuldarlığı artsın, Azərbaycan dünya bazarına yüksək kəmiyyət və keyfiyyət göstəricilərinə malik əmtəə məhsulları çıxara bilsin, əhalinin bütün təbəqələrinin maddi və sosial rifahı yaxşılaşsın. İnflyasiyanın qarşısının alınması üçün imunitet tədbirlər planı hazırlansın. Vətənimizi xarici və daxili düşmənlərimizin təcavüzundən, təxribatlarından şərəflə qorumağa qadir ədalətli dövlətçilik institutlarımız yaransın. Kütləvi şüuru mənəviyyatsızlıq girdabına, çürümə uçurumuna aparan rüşvətxorluq, tüfeylilik, ölkənin taleyinə laqeyidlik kimi mənfi təzahürlərin kökü kəsilsin.
Müstəqillik yolu ilə irəliləyən Azərbaycan dünyanın ictimai-siyasi, elmi, mədəni xəritəsində öz layiqli yerini tutub. Xoşbəxtlikdən ulu öndər Heydər Əliyev məktəbinin ən layiqli müdavimi, onun siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyev 12 ildən artıqdır ki, Azərbaycan adlı gəmini bütün kənar təsirlərə, çətinliklərə baxmayaraq, bu parametrlərlə irəliyə apararaq onu dünya arenasına çıxartmışdır.
Avropa Oyunları keçiriləcək ərəfədə, 19.05.2015-ci il tarixində Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16
mərtəbəli yaşayış binasında insan tələfatı ilə nəticələnən yanğın baş verdi. Hadisə ilə bağlı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dərhal elə həmin gün müşavirə çağıraraq faciənin səbəblərinin araşdırılması və günahkarların cəzalandırılması məqsədilə komisiyanın yaradılmasına göstəriş verdi. Müşavirə zamanı Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bütün binaların oda davamlı olmayan fasad üzlüklərinin sökülməsi barədə qəti tapşırıq verdi. Müşavirə iştirakçılarından biri Avropa Oyunları ərəfəsində şəhərin gözəlliyinə xələl gələ biləcəyini və işin həcminin çox böyük olmasını söyləyərək bu işin Avropa Oyunlarından sonraya saxlanılması barədə fikir söylədi. Azərbaycan Respublikasnın prezidenti İlham Əliyevin cavabı kəskin və qəti oldu:
"Bunun Avropa Oyunlarına heç bir aidiyyəti yoxdur. Avropa Oyunları, başqa tədbirlər bu faciə qarşısında heçə bərabərdir”.
Əsas məsələ hadisə zamanı zərərçəkmiş insanlara qayğı, diqqət və maddi yardım göstərilməsi və bütün zəruri təlabatlarının dövlət vəsaiti hesabına ödənilməsini təmin etməkdir.
Bu hadisə bir daha göstərdi ki, əsl rəhbər və şəxsiyyət üçün insan amili və xalq əsas faktordur. Hörmüz enerjisi ilə işləyən İlham Əliyev baris şəkildə bir daha göstərdi ki, müstəqil Azərbaycan dövlətçiliyinin və xalqının keşiyində uğurla dayanıb və həmişə həm sevincdə, həm də kədərdə xalqla bir yerdə olub ən çətin problemləri belə ləyaqətlə həll etməyə hazırdır.
Ulu öndərimiz Heydər Əliyev dühasından nur alan Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin reytinqinin böyük vüsətlə artması heç də təsadüfü deyildir. Türkyurtların ilk ulusu, Aşinanı, Kiri, Makedonyalı İskəndəri, Monqol xaqanı Çingiz xanı, Fransa kralı I Karlı, Kromveli, C.Vaşinqtonu, Atatürkü, Qandini yadınıza salın. Tarix boyu bütün xalqlar, istiqlaliyət qazanan yeni dövlətlər ilkin yaranmış dövrünü həmişə güclü passionar enerjiyə malik dahi şəxsiyyətlərin rəhbərliyi ilə həyata keçiriblər. Daxildə və xaricdə düşmən mövqeyində dayanan siyasətbazların da kürkünə birə salan bu tarixi qanunauyğunluqdur.
Bakıda baş vermiş bədbəxt hadisə və onunla əlaqədar prezident yanında keçirilən müşavirə bir daha göstərdi ki, bir sıra müəsisə və təşkilat rəhbərləri və onlara himayədarlıq edən bəzi dövlət məmurları mal-mülk və sərvət toplamaq hərisliyindən heç cür əl çəkmək istəmirlər. Haram virusuna yoluxmuş bu adamlar heç cür dərk etmirlər ki,
büdcədən oğurlanan hər bir manat uşağın, qocanın, əlilin boğazından kəsilir və nəhayət, Azərbaycan dövlətinin və xalqının gələcək taleyindən oğurluqdur. Cəmiyyətimizi bu orta əsrlər xəstəliyindən sağaltmağın ən optimal yolu bu müəsisə və təşkilatların və onların havadarları olan bəzi dövlət məmurlarının üzərinə xalqı qorumaq misiyası daşıyan "dövlətin qanun işığını” salmaqdır. Fikirimcə, bu haqlı tədbir xalqın da marağına xidmət edəcək. Ona görə ki, iblis hərisliyinə tutulmuş belə naqisləri yerində oturtmağı bacaran Cavanşirlərin, Qızıl Arslanların, Şah İsmayıl Xətailərin adını Azərbaycan mentaliteti öz tarixi yaddaşına həkk edərək əbədiyyət taxtına qaldırıb.
Damarlarında azərbaycanlı qanı axan hər bir kəs tutduğu mövqedən və vəzifəsindən asılı olmayaraq, öz prezidentinin haləsi ətrafında sıx birləşib şəhidlərinin qanı bahasına istiqlaliyyətini qazanmış müstəqil dövlətini-Azərbaycanı xoş sabaha doğru aparmalıdır.
İqtisad elmləri doktoru:
Təhmasib Əjdərov.
İranə Talışxanova