Bayram Məmmədov 70

Martın 10-da Mətbuat Şurasında istefada olan polkovnik-leytenant, Əməkdar müəllim Bayram Məmmədovun 70 illik yubileyi qeyd edildi. Tədbiri Mətbuat Şurasının sədri Rəşad Məcid açaraq yubilyarı təbrik etmiş, Bayram Məmmədovun bioqrafiyasını müxtəsər xatırladaraq onun jurnalistika ilə hələ gəncliyindən, son on ildə daha geniş məşğul olduğundan, məqalələrinin müxtəlif qəzetlərdə dərc edildiyindən danışmışdır.

Milli Məclisin deputatı Səbinə xanım Xasayeva Bayram Məmmədovun xarakterini müəyyənləşdirən milli-mənəvi dəyərlərimizi yaşada-yaşada necə təbliğ etməsindən, jurnalistlik fəaliyyətində də, siyasi fəliyyətində də bunu ömür fəlsəfəsi bilməsindən, yüksək vətəndaşlıq amalından danışdı.

YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə yubilyarın siyasi baxımdan səbatlığından, dövlətçiliyin əqidə əsgəri olmasından söz açdı.

Tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik Lətif Şüküroğlu Bayram Məmmədovun Ermənistanın işğal döyüşlərinə qarşı yaradılan Zəngilan ərazi özünümüdafiə taborunun komandiri olmasından, döyüşlərdə fəal iştirakından, xidmətini Müdafiə Nazirliyini Hərbi Akademiyasında davam etdirməsindən, “İngiliscə-Azərbaycanca, Azərbaycanca-ingiliscə hərbi-siyasi lüğət” tərtib etməsindən və s. söz açmışdır.

Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİBİ) İdarə Heyətinin sədr müavini Eyvaz Hümbətov Bayram Məmmədovun azərbaycançılıq ideallarına sevgisindən, fəaliyyətini bu amil əsasında qurduğundan, türkdilli xalqlar arasında mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətindən, TAİB İdarə Heyətinin üzvü Akif Cabbarov Bayram Məmmədovun məqalələrinin bədii dəyərindən, Azərbaycan dilinin incəliklərinin jurnalistikada işləkliyinin cəfakeşi olmasından, Əməkdar jurnalist, “Olimpiya Dünyası” qəzetinin baş redaktor müavini Aslan Şirəliyev yubilyarın yaradıcılığının vətənpərvərliyin söz təsdiqi olmasından, yazıçı-publisist Asif Bağırov Bayram Məmmədovun yaradıcılığında Zəngilanlılıq amilindən, söz açdılar.

Salam Cavadov Bayram Məmmədovun Zəngilanın timsalında Azərbaycana sönsuz sevgisindən, işində məsuliyyətindən, təşəbbüskarlığından, inadırmağı bacarmağından, istefada olan polkovnik Mahir Cavadov onun işinə, deməli, Vətənə sevgisinin nəhayətsizliyindən, ... danışdılr. Digər çıxış edənlərdən taninmiş şair-publisist Tapdıq Əlibəyli, hüquq üzrə fəlsəfə doktoru,dosent Allahverdi Teymurov, yazıçı-publisistlər Rəşid Faxralı,İbrahim Məsimoğlu, Azər Hacıbəyli, Əli Bəy Azəri, Ramin Məmmədov, Natella Asena, “Qızıl Zəngilan” jurnalının redaktoru Möhübbət Qurbanov Bayram Məmmədovun həmişə məsuliyyətli ömür yaşamasından, təhsilə də, milli mentalitetə də, dövlətə, dövlətçiliyə də sədaqətindən, Zəngilanın müdafiəsində döyüşçülərin döyüş əzminin, qələbə ruhunun yüksəldilməsi istiqmətində böyük fəaliyyətindən,... söz açdılar, ona can sağlığı, yaradıcılıq uğurları arzuladılar..

Tədbirin sonunda Bayram Məmmədov tədbirin təşkilinə görə Mətbuat Şutasının sədri Rəşad Məcidə təşəkkürünü bildirdi...

Rəşid FAXRALI,

Əməkdar jurnalist