Azərbaycan Biznes Keys müsabiqəsinin finalı keçirildi

"ADA” Universitetində "ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin dəstəyi ilə ali məktəb tələbələri arasında Azərbaycan Biznes Keys müsabiqəsinin final mərhələsi keçirilib.

 

sabahinfo.az xəbər verir ki, Azərbaycan Biznes Keys müsabiqəsi ölkəmizdəki universitetlərin maliyyə, biznes, iqtisadiyyat sahələrində təhsin alan bakalavr və magistr pillələrinin tələbələri arasında keçirilir. Müsabiqədə tələbələrə əldə etdikləri bilikləri real həyatda tətbiq etmək üçün şirkətlərin qarşılaşdıqları biznes problemləri əsasında yazılmış "Harvard Business School”un keysləri təqdim olunub.

İctimai Birliyin sədri Əlyar Hüseynov layihənin məqsədinin müsabiqədə iştirak edən tələbələrin iqtisadi sahədə bilik və bacarıqlarını təkmilləşdirmək, bu istiqamətdə praktiki bacarıqlara yiyələnməkdə gənclərə dəstək vermək olduğunu deyib. O, müsabiqənin "MBA Enterprise Corps” təşkilatının könüllüləri tərəfindən 2002-ci ildən təşkil edildiyini, 2006-cı ildən etibarən isə bu müsabiqənin keçirilməsi hüququnun "ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinə verildiyini deyib.

 

ABŞ səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Emi Piterson bildirib ki, Azərbaycan Biznes Keys müsabiqəsi tələbələrin analitik və təqdimat bacarıqlarının inkişaf etdirilməsində, karyera inkişafında çox önəmli rol oynayacaq vərdişlərin aşılanmasında və tələbələrə biznes idarəçiliyinin öyrədilməsində əvəzsiz rol oynayır.

 

Müsabiqədə iştirak etmək üçün 7 universiteti təmsil edən 27 komanda müraciət etsə də, onlardan yalnız 14-ü yarımfinal mərhələsinə vəsiqə qazanıb. Finalda isə 4 komanda mübarizə aparıb.

Bütün komandalar beş həftə ərzində biznes analizi, strategiyanın qurulması, təqdimat etmək bacarığı və s. mövzularda təlimlər keçib, final mərhələsindən öncə sınaq təqdimatlarında iştirak ediblər.

 

Qaydalara uyğun olaraq, yarımfinal mərhələsində komandalar öz layihələrini yerli və beynəlxalq biznes qurumlarını təmsil edən hakimlər qarşısında təqdim ediblər. Dörd yarımfinalın qalibləri isə birinci yer uğrunda mübarizədə hakimlər qarşısında təqdimatla çıxış ediblər.

Müsabiqədə ilk üç yeri tutan komandaya ümumilikdə 10 min manat dəyərində mükafat verilib.

I yer 6000, II yer 3000, III yer isə 1000 manat məbləğində mükafat alıb.