Novruzəli Aslanov: "Azərbaycan və Latviya münasibətləri strateji tərəfdaşlığı yüksələn xətt üzrə inkişaf edir"

Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri və bu çərçivədə verilən mesajlar bir daha göstərir ki, ikitərəfli münasibətlər artıq formal əməkdaşlıq səviyyəsini keçərək real strateji tərəfdaşlıq mərhələsinə daxil olub. Xüsusilə müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması bu əlaqələrin təkcə siyasi deyil, həm də praktik və çoxtərəfli xarakter daşıdığını göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov söyləyib.

Əməkdaşlığın sahə baxımından genişləndiyini diqqətə çatdıran deputat əlavə edib: “Daxili işlər, kənd təsərrüfatı, qida təhlükəsizliyi və xarici siyasət kimi istiqamətləri əhatə edən razılaşmalar tərəflərin əlaqələri sistemli şəkildə dərinləşdirmək niyyətində olduğunu ortaya qoyur. Bu isə münasibətlərin uzunmüddətli strategiya əsasında qurulduğunu deməyə əsas verir.

Tarixi kontekstə baxdıqda, 1994-cü ildə qurulan diplomatik münasibətlərin 2017-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi təsadüfi deyil. Bu, illər ərzində formalaşan etimadın və qarşılıqlı maraqların məntiqi nəticəsidir. Hazırda yüksəksəviyyəli qarşılıqlı səfərlər və siyasi dialoq bu xəttin davamlılığını təmin edir”.