Azərbaycanlı mütəxəssis metrologiya sahəsi üzrə beynəlxalq təşkilat olan və mənzil-qərargahı Fransanın Sevr bələdiyyəsi ərazisində yerləşən Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroya təyinat alıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Oxu.Az-a verilən məlumata görə, adıçəkilən qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri işləmiş Rəhimə Quliyeva adıçəkilən beynəlxalq təşkilatda Beynəlxalq əlaqələr və kommunikasiya şöbəsində beynəlxalq əlaqələr üzrə köməkçi vəzifəsinə təyin olunub.
R.Quliyevanın əsas vəzifəsi üzv dövlətlərlə Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro arasında ikitərəfli əlaqələri genişləndirmək, keyfiyyət infrastrukturu sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı həyata keçirmək və s. məsələləri əhatə edir.
Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro Metrik Konvensiyanın imzalanması ilə təsis olunmuş dövlətlərarası beynəlxalq təşkilatdır və Çəkilər və Ölçülər üzrə Baş Konfransın daimi fəaliyyət göstərən işçi orqanıdır. Çəkilər və Ölçülər üzrə Baş Konfransa üzv olan dövlətlər metrologiya elmi, həmçinin etalonların yaradılması və tətbiqi ilə bağlı birgə fəaliyyəti həyata keçirirlər.