Bahalaşma olacaq?

Koronavirus pandemiyası əksər dünya ölkələrində olduğu kimi Azərbaycanda da müxtəlif sahələrə öz mənfi təsirini göstərib.

Bu sahələrdən biri də turizmdir. Sərhədlərin bağlı olduğu bir zamanda insanlar xarici ölkələrə üz tuta bilmir. Nəticə etibarilə, insanlarımız istirahət üçün ayırdıqları pullarını ölkə daxilində xərcləyə bilərlər.

Maraqlıdır ki, bu hal daxili turizmin inkişafına, yoxsa süni bahalaşmaya gətirib çıxara bilər?

Cebhe.info-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, iki amil qiymət artımının qarşısını alacaq:

"Daxili turizmdə çox güman bu il canlanma olacaq. Amma böyük həcmdə canlanmanın olması o qədər də ağlabatan deyil. Birincisi, insanların davranış qaydaları, vərdişləri dəyişib. İnsanların böyük bir qismi bu virusu ciddiyə alır. Yeri gəlmişkən, ciddiyə də alınmalı xəstəlikdir. Artıq bu inamla onlar insanların çox olduğu yerlərdən çəkinməyə başlayırlar. Yəni, bu onların davranış qaydalarına təsir edib. İkincisi, insanların alıcılıq qabiliyyəti düşüb. Əhalinin son iki ayı götürsək gəlirlilik səviyyəsi xeyli azalıb. Bağlanan iş yerlərini, biznes sahələrini nəzərə alsaq, alıcılıq qabiliyyəti xeyli aşağı düşüb. Və belə olan halda da Azərbaycanda daxili turizmin müəyyən mənada canlanması baş versə, bu iki amil qiymətlərin kəskin artımının qarşısını ala biləcək. Yəni, qiymətlərin kəskin artması gözlənilmir”.

O, canlanmanın pandemiya səbəbilə əsasən kiçik və orta sahibkarlıq sahələrində olacağını söyləyib:

"Mənə elə gəlir ki, bir amil bütün dünya ölkələrində, eləcə də Azərbaycan turizmində olacaq. Belə ki, insanlar böyük otellərdən daha çox fərdi evləri kiraləməyə üstünlük verəcəklər. Əsasən də, dağ rayonlarında, təbiəti gözəl rayonlarda fərdi evlərin kirayə verilməsi sürətlənə bilər. Böyük bazar yarana bilər. Düzdür, onsuz da var idi. Sadəcə olaraq, bu bazar geniş inkişaf etməmişdi. Lakin bu il ciddi tələb yaranacaqsa, fərdi evləri icarəyə götürmək istəyən vətəndaşların sayı arta bilər. Bu da kiçik və orta sahibkarlığın turizm sahəsində inkişafına dəstək ola bilər. Bu mənada böyük otellərdən daha çox fərdi evlərin kirayənlənməsi bu il üçün gözlənilən olacaq. Çünki pandemiya dövrüdür və insanlar əksəriyyətin olduğu yerlərdən qaçmağa çalışır".