"Azərbaycanda balıq resursları ayrı-ayrı məmurların ayağı altındadır”. Bu barədəModern.az-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov mövsümlə bağlı balığa artan tələbat və balıq satışı bazarındakı problemlərdən danışarkən deyib.
"Dəniz şəhərində keyfiyyətli balıq tapmaq müşkülə çevrilib”
E.Hüseynov bildirib ki, Bakı dəniz şəhəri olsa da, burada vəziyyət ürəkaçan deyil:
Hazırda balıqların harada və necə gəldi satıldığını görürük. Əksər hallarda istehlakçıların hüquqları pozulur. Əhali bilməlidir ki, balıqlar buzlaşdırılmış soyuducularda satılmalıdır. Balıq nə qədər qida üçün əhəmiyyətli olsa da, bir o qədər də təhlükəli məhsuldur. Sudan çıxarılandan dərhal sonra buzlaşdırılmış şəkildə satılmalıdır. Ümumiyyətlə, Azərbaycan xalqı balığın üzünə həsrət olası xalqdır. Bunun səbəbini də deyim.
Hüquq müdafiəçisi bildirib ki, hisə verilmiş balıqların hazırlanması da bəzən təhlükəli xarakter alır:
"Azərbaycanda balıqların hisə verilməsi zamanı maşın şinlərinin yandırıldığının da şahidi olmuşuq. Məhz bu cür hallarda zəhərlənmələr baş verir. Təhlükəsiz balıq satışı buzxanalarda olur. Müşahidələrimə əsasən deyə bilərəm ki, "Yaşıl bazar”dakı balıqların saxlanma şəraiti qaneedicidir.
Sırağagün "Təzə bazar”da vizual monitorinq apardım. Deməli, orada qadağan olunmuş hər cür balıq satılır. Qara balıq kürüsündən tutmuş nəsli kəsilməkdə olan nərəyə qədər. Bu o deməkdir ki, balıq resursları ayrı-ayrı adamların, ayrı-ayrı məmurların ayaqları altına atılıb”.
"Sabiq nazirin də bundan xəbəri var idi”
E.Hüseynov sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun da dəfələrlə neqativ halların şahidi olduğunu deyir:
"Mən Ekologiya və Təbii Sərvətlər Nazirliyində İctimai şuranın üzvüyəm. Keçmiş nazir Hüseyn Bağırov özü şəxsən nəql edib mənə. Bildirib ki, Bakı-Quba yolundan avtomobillə keçərkən, əllərində balıq satan adamlar görüb. Məlum olub ki, onların satdıqları nərə balıqlarıdır. Sabiq nazir bildirirdi ki, nazirlik həmin balıqları yetişdirib dənizə buraxır. Balıqlar dənizə tam öyrəşmədiyindən sahilə yaxın üzürlər. Brokenerlər də bundan istifadə edib böyüməyən balıqları tutub satırlar. Vəziyyət elə indi də bu cür davam edir. Bütün bunlar ictimaiyyətin, rəsmi orqanların gözü qarşısında baş verir. Balıq resursları tükənir, eyni zamanda satışda olanların sağlamlığa xeyrindən çox zərəri var. Düşünürəm ki, Azərbaycan Qida Təhlükəsziliyi Agentliyi bu işi qaydasına salmalıdır”.
E.Hüseynov süni göllərdə süni şəkildə yetişdirilən balıqlarla bağlı fikirlərini də bölüşüb:
"Onların broyler toyuqlarından fərqi yoxdur. Onlara süni qidalar, geni modifikasiya olunmuş yemlər verilir. Keçən il bizə şikayət gəldi ki, Sabirabad rayonunda süni göllərə insan nəcisi tökülür. Biz dövlət orqanları qarşısında məsələ qaldırdıq. Amma nəzərə alan olmadı. Süni göllərdə yetişdirilən balıqlara xüsusi antibiotiklər, baytarlıq dərmanları verilir. Ona görə də əhali bilməlidir ki, baytarın əli çatan hər şey təhlükəlidir. Balıqların orqanizmində həmin dərmanların qalıqları qalır. Bununla belə, həmin balıqlar vətəndaşlara dəniz balığı adı ilə satılır”.