Bu günlərdə "Formula 1" yarışları ilə bərabər, Bakıda 92 ölkənin nümayəndələrinin iştirakı ilə Olimpiya lisenziyalı beynəlxalq boks turniri də keçirilir. İştirakçılar arasında Ermənistan komandası yoxdur.
Olimpiya Oyunlarına düşə bilmək üçün son şanslardan biri olsa da, erməni boksçuların Bakıya gəlməyə cürətləri çatmayıb. Öz imtinalarını ermənilər aprel döyüşləri ilə əlaqələndiriblər.
Məhz elə bu səbəb üzündən digər ölkələrin bayraqları altında çıxış edən erməni əsilli boksçular da Azərbaycan səfərindən vaz keçiblər. Bunlara misal olaraq ukraynalı Gevorq Manukyanı və çexiyalı Erik Aqatelyanı göstərə bilərik.
Bütün bunlara baxmayaraq, özündə Bakıya gəlməyə cürət tapmış erməni boksçular da var. Milli.Az virtualaz-a istinadən bildirir ki, Gürcüstan ermənisi, 60 kq çəki dərəcəsində Olimpiada vəsiqəsi uğrunda döyüşən Otar Yeranosyan belələrindəndir. Ermənistan KİV-ə inansaq, Yeranosyan Bakıya şəxsi mühafizəsi ilə gəlib. Bakıdakı yarışda iştirak edən daha bir erməni əsilli boksçu isə İsrail nümayəndəsi David Alaverdovdur (52 kq).
Bu idmançıların ikisi də ötən il Bakıda keçirilmiş Avropa Oyunlarında çıxış ediblər. Amma bir fərq var ki, o zaman israillinin familiyası Alaverdyan idi. 23 yaşlı erməninin familiyası əslində belədir.
Lakin builki turnurə aid bütün sənədlərdə o, Alaverdov kimi göstərilib. İnternetdəki heç bir axtarış sistemində David Aleverdov adlı boksçu tapa bilməzsiniz.
Görünür, iki daş arasında qalmış İsrail tərəfi bu addımı atmağa məcbur olub. Belə ki, bu ölkədə təhlükəsizlik məsələlərinə həmişə çox ciddi yanaşırlar və boksçularını arzuolunmaz ehtimallardan qorumaq üçün belə bir addım atılıb.
Doğrudanmı, yalnız Bakıda turnirdə iştirak etməsi xatirinə erməni əsilli boksçuya yeni pasport verilib? Beynəlxalq Boks Federasiyasının rəsmi sənədlərində onun familiyası ilə bağlı dəyişikliklər edilibmi? Yaxın günlərdə bu suallara cavab tapmağa çalışacağıq.
Alaverdov (həm də Alaverdyan) isə ilk döyüşünü sabah, iyunun 19-da Qırğızıstan nümayəndəsi Azat Usenaliyevə qarşı keçirəcək.