Mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı”
ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı
İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin
cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər
Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə
prokuror çıxış edib.
Dövlət ittihamçısı Cahangir Hacıyevin əvvəlki cəzası ilə birlikdə
qəti olaraq 17 il, sabiq deputat Dünyamin Xəlilovun isə əvvəlki cəzası
ilə toplamaqla qəti olaraq 15 il 9 ay müddətinə azadlıqdan məhrum
edilməsini istəyib.
Prokuror təqsirləndirilən şəxslərdən İsmayıl Hidayət-zadəyə isə 6
il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.
Bu işdə
adına şirkət açılan və bu yolla da bankdan milyonlarla manatın
çıxarılmasına şərait yaradan digər təqsirləndirilənlər Camal Həsənov,
Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir
Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin
Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov,
Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov,
Ramis Kərimov barəsində isə şərti cəza təyin edilməsi istənilib.
Prokuror təqsirləndirilən şəxslərdən İsmayıl Hidayət-zadəyə isə 6
il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla
2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə
Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında
ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə
veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon
avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat)
müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair
əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20
nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan
və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan
kreditlərin verilməsi yolu ilə, ümumilikdə, 4,7 milyard manat məbləğində
pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat
hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2
milyard manatını leqallaşdırmasına, digər 2,2 milyard manat məbləğində
pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə "Azərbaycan
Beynəlxalq Bankı” ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü
ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə
azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə
D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmənin qərarı ilə
İ.Hidayət-zadənin cəzası 5 ilə endirilib.