Daxili İşlər Nazirliyinin (DİN) "Avtomatlaşdırılmış Məlumat Bankı”nın uçot obyektlərinin sayı artırılıb.
BakuPost-un məlumatına görə, bu, DİN Kollegiyasının təsdiq etdiyi və yanvarın 18-dən qüvvəyə minən "Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat”da əksini tapıb.
Təlimat respublika ərazisində törədilmiş cinayətlərin açılması və qarşısının alınmasında, habelə profilaktik təyinatlı işlərin təşkilində kriminal yönümlü məlumatların uçotunun aparılması, işlənilməsi, toplanılması, müqayisəsi və onlardan istifadə olunması qaydalarını müəyyən edir. Yeni Təlimatın qəbul edilməsi ilə əlaqədar DİN Kollegiyasının 4 oktyabr 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Mərkəzləşdirilmiş kriminal və axtarış uçotlarının təşkili və aparılması qaydaları barədə Təlimat” ləğv edilib.
Öncəki Təlimata əsasən, mərkəzləşdirilmiş kriminal uçotun obyektlərinə ağır və xüsusilə ağır cinayətlər və onları törədən şəxslər, silsilə və ya bölgə xüsusiyyətli cinayətlər və onları törədən şəxslər, xarakterik üsulla törədilən cinayətlər və onları törədən şəxslər daxil olub. Yeni Təlimata əsasən AMB-nin mərkəzləşdirilmiş uçotlarına bütün növ cinayətlər və şəxslərlə bağlı kriminal uçotlar, açılmamış cinayətlər (cinayəti törətmiş şəxs müəyyən edilmədikdə), cinayəti törədən şəxslər, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər (bəraətverici əsaslarla hökmün ləğv edilməsi ilə əlaqədar işin icraatına xitam verilməsi halları istisna olmaqla), üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər (cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış, cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş (cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar istisna olmaqla), habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər) barədə məlumatlar daxil ediləcək.