Orduda müəyyən çatışmazlıqlar var və bu çatışmazlıqlara cavabdeh olan şəxslər həbs olunmalıdır
sabahinfo.az azvision.az-a istinadən bildirir ki, bunu hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan Ermənistan Müdafiə Nazirliyinin yüksək rütbəli məmurlarının həbs olunması faktını şərh edərkən bildirib.
Baqdasaryan bəyan edib ki, Ermənistan hakimiyyəti orduda korrupsiya hallarını aradan qaldırmaq niyyətindədir: "Yalnız orduda deyil, bütün sahələrdə korrupsiyanın kökünü kəsmək üçün sona qədər getmək lazımdır".
"Faktiki olaraq müharibə şəraitində olan ölkə ordusunda korrupsiya halları ilə bağlı general və polkovniklərin tutulması hakimiyyətdə çatışmazlıqların olmasını göstərirmi?" sualına Baqdasaryan belə cavablandırıb: "Bu suala cavab verərkən tələsmək lazım deyil, gəlin prosesin nə ilə bitəcəyini gözləyək".
Erməni ekspertlərin fikrincə, orduda yüksək vəzifəli zabitlərin həbs dalğası davam edəcək. Hədəfdə olanlar arasında generalların olacağı istisna deyil.
Qeyd edək ki, aprel döyüşlərindən sonra vəzifələrindən azad olunan Ermənistan Silahlı Qüvvələrinin Silahlandırma İdarəsinin rəisi, general Melsik Çilingəryan, polkovniklər Armen Markaryan və Mqer Papyan həbs edilib.