Bakı Ağır Cinayətlər Məhkəməsində CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunan Kürdəmir rayon sakini A. A-nın (1989-cu il təv.) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Sabahinfo.az oxu.az-a istinadən bildirir ki ötən il noyabrın 20-də Binəqədi RPİ 6-cı polis bölməsinin əməkdaşları daxil olan məlumat əsasında Biləcəri qəsəbəsində yerləşən "Vulkan" motelindəki nömrələrdən birində asılmış vəziyyətdə Sumqayıt şəhərində yaşayan Afaq Şükürovanın (1979-cu il təv.) meyitini aşkar ediblər.
Müəyyən edilib ki, hadisədən bir neçə gün əvvəl ərini və iki uşağını atan Şükürova əmisi oğlu A.-ya qoşularaq Bakıya qaçıb, onlar Binəqədi şossesində yerləşən moteldə otaq tutublar.
Hadisə ilə bağlı şahid qismində dindirilmiş əmioğlu isə polisə bildirib ki, Afaqın asılmış meyitini hamam otağında aşkar edib və dərhal sonra polisə zəng vurub.
Lakin qadının A.A. tərəfindən qəsdən öldürülməsində əsaslı şübhələr olduğundan bir neçə gündən sonra o saxlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.