Dövlət Dəniz Agentliyində "Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Dövlət Dəniz Agentliyinin hüquq, kadr və beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Məmmədov dövlət qulluğu sahəsində həyata keçirilən uğurlu siyasətdən, habelə dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan söhbət açdı. "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 31 may 2007-ci il tarixli 352-IIIQ nömrəli Qanununun müddəalarına toxunan Fərhad Məmmədov bildirdi ki, qeyd olunan Qanunun əsas məqsədləri dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi ibarətdir.
Tədbir zamanı bildirildi ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı, etik davranış qaydalarına və prinsiplərinə əməl etməlidir. Bununla əlaqədar olaraq Agentliyin rəhbərliyi tərəfindən əməkdaşların etik davranış qaydalarına əməl etməsinə ciddi nəzarət edildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun dövlət qulluqçusunun vicdanlı davranışı, loyallığı, dövlət orqanlarına və dövlət qulluqçusuna olan ictimai etimadın artırılmasında dövlət qulluqçusunun rolu, dövlət qulluqçusundan tələb olunan mədəni davranış, dövlət qulluqçusunun qərəzsizliyi, dövlət əmlakından və məlumatlardan istifadə zamanı tələb olunan davranış forması, konfidensiallığın qorunub saxlanmasına riayət edilməsi ilə bağlı normaları barədə tədbir iştirakçılarına geniş məlumat verildi.
Tədbir zamanı Agentlikdə dövlət quluğu və kadr işləri ilə bağlı həyata keçirilən tədbirlərin uğurlu nəticəsi olaraq dövlət qulluqçularının qeyri-etik davranışı və ya hər hansı qanun pozuntusuna yol verməsi barədə ötən dövr ərzində ərizə və ya şikayət qeydə alınmadığı vurğulandı. Eyni zamanda, qeyd olunan qaydaların pozulmasına görə qanunvericilikdə intizam tənbeh tədbirlərinin tətbiq edilməsinin nəzərdə tutulduğu iştirakçıların diqqətinə çatdırıldı.
Agentlikdə çalışan dövlət qulluqçularının "Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydaları”na uyğun olaraq xidməti fəaliyyətlərinin qiymətləndirilməsi sahəsində görülən işlər, vətəndaşların qəbulu, ərizə və şikayətlərinin elektron qaydada qəbulu və cavablandırılması üzrə görülən işlər barədə tədbir məlumat verildi.
Daha sonra, tədbir iştirakçıları arasında Azərbaycan Respublikasının "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunu ilə müəyyən edilmiş "Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi” etik davranış qaydasına əməl olunması zamanı praktikada qarşıya çıxan mübahisəli məsələlərə dair müzakirələr keçirilərək onların həlli yolları barədə fikir mübadiləsi aparıldı.
Tədbirin sonunda maraq doğuran məsələlərlə bağlı müzakirələr aparıldı.