Dünyadan giley...dəyərmi?

Hamı dünyadan gileylənir. Yetən də gileylənir, ötən də. Dünyanı dərk edən də gileylənir, etməyən də. Bilən də, bilməyən də. Qanan da, qanmayan da. Gülən də, ağlayan da. Ac da, tox da. Xoşbəxt də, bədbəxt də. Bir sözlə, bu dünyaya gələnlər gələn gündən gedən günə qədər dünyadan elə hey gileylənir, gileylənir. Yəni hamı gileylənir. Kiminin işi düz gətirmir, günahı yıxır dünyanın boynuna və başlayır gileylənməyə, dünyanı asıb-kəsməyə. İmtahandan iki alan, sevgisinə qovuşa bilməyən, dostundan namərdlik görən, cinayət törədib cəza alan, nahaqdan günahkar sayılan, kabab yeyən zaman dişi sınan, quru çörəyə möhtac qalan, qaçan, qovan hamısı dünyadan gileylənir. Giley azmış kimi bir "zalım” damğası da yapışdırırıq dünyaya. Çoxlarımız isə "vəfasızlığı” elə bil dünyanın boyuna özümüz biçmişik. Dünyaya qoyduğumuz "yalan” adı isə sanki dilimizdə bitib. Danışanda sözümüzün əvvəlində də, axırında da "yalan dünya” deməyi o qədər vərdiş eləmişik ki, sanki bu "yalan” bizə yeni dünya bəxş eləyəcək.

Dünya dözümlüdü. Ona görə ki, insanın bu qədər tənəsinə, artıq-əskik söz-söhbətinə sinə gərir. Bir də dünyaya ona görə dözümlü deyirəm ki, bu tənələr müvəqqəti deyil, insan bütün baş verən hadisələrdə dünyanı günahkar sayıb. Yəqin ki, bundan sonra da belə olacaq. İnsanların çox işlətdiyi deyimlərdən biri də "dünyanın işinə bir bax” kəlməsidir. Ucalanı-enəni, yıxılanı-duranı, söküləni-tikiləni, nə baş verirsə hər şeyi dünyanın işi ilə bağlayırlar. Mən isə fərqli fikirdəyəm. Düz də olsa, səhf də olsa bu mənim fikrimdir. Fikrim isə belədir. Doğrudur, bütün baş verənlər dünyada baş verir (zaman və məkan baxımından). Amma əməl, iş dünyanın əməli, işi deyil. Bu dünyanın bir zamanı var, bir də məkanı. Hər ikisi ucsuz-bucaqsız. Hər ikisi sonsuz. Ayrı-ayrı dönəmlərdə bu məsələ ilə bağlı müxtəlif elmi mülahizələr olsa da, zənnimcə, bunların nə əvvəli bilinir, nə də ki sonu. Bunu Tanrı qüdrətindən kənarda axtarmaq, əvvəlin axırını, axırın əvvəlini tapmaq üçün axtarışa çıxmaq deməkdir. Bu dünyanın zamanı da, məkanı da elə nizamlı şəkildədir ki, bu nizamı dünyanın ən mahir ustası belə yarada bilməz. Bu da ustanın yox, yaradanın işidir. Beləliklə dünya bütövlükdə Tanrıya məxsusdur. Bunu belə qəbul ediriksə onda dünyada baş verənlərin yaradana məxsus olması şəksiz, şübhəsizdir. Belə isə nə nəticə hasil olunur? Onda belə çıxır ki, baş verənlərlə bağlı dünyanı günahlandırmağımız, "dünyanın işidir” deyib bütün təqsiri dünyada görmək Tanrıya qarşı meydan oxumaq deməkdir. Bəlkə "fələyin işi” kəlməsi elə buradan yaranıb (fələyin gərdişi)? Amma mənə belə gəlir ki, insan tuş gəldiyi neqativ hallarda və vəziyyətlərdə günahı dünyada, fələyin "işi”ndə deyil, öz "işi”ndə, öz əməlində axtarmalıdır.

Külli-aləmi, yeri, göyü, bütün dünyanı, kainatı, kahkəşanı yaradan Tanrı insanı bütün yaratdıqlarından fərqli yaradıb. Yaratdığı hər bir şeyin görkəmi, yəni forması ilə bərabər onun məzmunu, mahiyyəti, əhəmiyyətliliyi də mövcuddur. Amma Tanrı insandan başqa heç bir yaratdığına daxili aləm, iç dünyası bəxş etməyib. Yəni hər bir insan daxili bir dünyaya da malikdir. Bu mənəvi bir aləmdir. Əgər o aləmdə tanrı sevgisi varsa, onda o aləm, o dünya bizim gördüyümüz yəni, nahaqdan gileyləndiyimiz dünyadan qat-qat böyükdür. Həmin dünyaya neçə-neçə "dünya”lar yerləşə bilər. Ölməz Nəsimi "məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyəndə öz daxili aləminin bu dünyadan, hətta "o dünya” yəni əbədiyyət dünyasından daha böyük olduğunu önə çəkir. Daxili aləmimiz ruhumuzun, qəlbimizin, mənəviyyatımızın güzgüsüdür. Bu bir Tanrı bəxşeyişidir. İnsan bu dünyaya həmin güzgüdən baxır. O güzgüdə həm dünyanı görür, həm də özünü. Deməli, insanın dünya dediyi aləm insanın içindədir, onun daxilidir və bir az da konkretləşdirsək dünya insanın özüdür. Bunu mən belə düşünürəm. Başqa cür fikirlər daha çox ola bilər və həmin fikirlər daha dəqiq ölçülərə, düşüncələrə söykənə bilər. Amma bu mənim düşüncələrimdir, mənim qənaətim və mənim məntiqimdir. Qınayan özünü, öz əməlini qınasın, dünyanı yox. Hər bir insan tanrının möcüzəsidir. Hər bir insan bir aləmdir, bir dünyadır. Hər bir insanın öz dünyası var. Yəni Tanrı insanı yaradarkən hər kəsə özünəməxsus bir dünya da bəxş edir. İnsan özünə məxsus olan həmin dünyaya, iç dünyasına hökm edə bilər, onu idarə edə bilər, onunla istədiyi kimi davrana bilər. Amma yaşamaq üçün bizə bəxş olunan bu dünya yalnız Tanrı tərəfindən idarə olunur. Yaradan insanlara hər cür naz-nemətlərlə dolu olan, gözəlliklərlə bol olan bir aləm yaradıb. Amma burada bir vacib məqamı da qeyd etməliyik. Tanrı Adəm övladını, insanı yaratmazdan əvvəl yeri, göyü, kainatı, bu dünyanı yaradıb. İnsanlar isə dünya adlı evin sakinləridir. Deməli, dünya insanın bir ömürlük yaşayış məskənidir. Hamı bu dünyada müvəqqətidir. Təbii ki, cismən, yəni fiziki cəhətdən. Əbədi olan isə mənəviyyatdır, insan ağlının, zəkasının və əməllərinin yaratdıqlarıdır. İnsan dünyaya gəlir yaşayır, ömrünü başa vurub bu dünyadan köçür. Deməli, dünya heç kəsə məxsus deyil. O heç kimin deyil. Tanrıya məxsusdur. Bu fikir ustad şair Məmməd Arazın "dünya sənin, dünya mənim, dünya heç kimin” deməsi ilə daha aydın şəkildə öz təsdiqini tapıb. Ona görə də bizim dünyanı qınamağa haqqımız yoxdur. Qınaq məsələsində Dünyanın bizim üzərimizdə haqqı daha çoxdur. Hər bir kəs qarşısında belə bir sual qoyub cavab axtarmalıdır. Dünyadan nə almışam, dünyaya nə vermişəm? Zənnimcə, əgər bu suala haqq və ədalət müstəvisində cavab tapa bilsək? onda dünyanınmı, yoxsa dünyanı qınayan insanınmı qınaq obyekti olması məsələsinə aydınlıq gələr. Belə bir sualın da cavabı tapılar. Görəsən dünyadan gileylənməyə dəyərmi? Məncə bu barədə düşünməyə dəyər.