"Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri kifayət qədər məhsuldar məqamlarla yadda qaldı. Belarus ilə münasibətlərimiz digər ölkələrlə olduğu kimi, səmimi və mehriban bir şəraitdə təməli qoyulub və davam etdirilir. Hər iki ölkə bu münasibətlərin daha da inkişaf etdirilməsi və daha geniş sahələri əhatə etməsi üçün birlikdə səylərini göstərirlər. Dost ölkənin dövlət başçısının Azərbaycana səfəri həm də iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına, gücləndirilməsinə çox əlverişli imkanlar yaratdı".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşləri oldu. Prezidentlər əməkdaşlığın müxtəlif aspektlərinə dair məsələləri ətraflı müzakirə etdilər. Keçirilən görüşlərdə müzakirə edilən məsələlər iki ölkə arasında yüksələn xətlə davam edən diplomatik münasibətlərə, reallaşdırılan birgə layihələrə töhfə oldu. Həmçinin iki ölkə arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin tətbiqi, maşınqayırma, kənd təsərrüfatı, hərbi sənaye, turizm, iqtisadiyyat sahəsi ilə əlaqədar mühüm sənədlərin imzalanması gələcək inkişaf üçün yeni yollar açır və perspektivlər vəd edir.
Mətbuata verilən bəyanatda ölkəmizin rəhbəri Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, xüsusilə də erməni faşizmi üzərində qazanılan qələbəyə diqqəti cəlb etdi və bildirdi ki, Cənubi Qafqazda Azərbaycan beynəlxalq hüququ, normaları tətbiq etmək və burada sülhü, əmin-amanlığı yaratmaq əzmindədir. Həm də ölkə rəhbəri işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı işlərə də nəzər yetirdi və bildirdi ki, artıq bu ərazilərdə çox böyük quruculuq işləri aparılır. Dövlət başçımız Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur ərazilərinin bərpasında fəal iştirak etməyə dəvət etdi. Ümidvar olduğunu bildirdi ki, həmin şirkətlər bərpa-quruculuq işlərində gələcəkdə fəal iştirak edəcəklər. Məlum olduğu kimi, Belarus keçmiş Sovetlər İttifaqının ən inkişaf etmiş regionlarından biridir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi vardır. A.Lukaşenko da öz növbəsində Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak etməyə hazır olduğunu bildirdi. O, Azərbaycan ilə Belarus xalqları arasında dərin hörmət və sıx münasibətlərin olduğunu vurğuladı.
Belarus Prezidentinin işğaldan azad edilmiş Füzuliyə və Şuşaya səfəri xüsusi qeyd olunmalıdır. Aleksandr Lukaşenkonun Füzuli və Şuşa şəhərlərinə səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir. Azad olunmuş ərazilərin bərpasında Belarusun da iştirak etmək istəyi məmnunluq doğurur. Bu gün Cənubi Qafqazda Azərbaycan Belarus Respublikasının ən mühüm tərəfdaşlarından biridir. Qarşılıqlı maraqlar bundan sonrakı mərhələdə də Belarus-Azərbaycan münasibətlərinin inkişafını şərtləndirir və bu, hər iki ölkənin milli maraqları baxımından zəruridir".