Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov facebook səhifəsində "Heydər Əliyev xalqımızı acı tale yaşamaqdan xilas etdi" adlı məqalə yazıb.
Sabahinfo.az həmin məqaləni təqdim edir:
Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın müasir tarixinin yeni mərhələsi başladı. Xaos, anarxiya aradan qaldırıldı, sabitlik təmin edildi, inflyasiya və iqtisadi tənəzzül cilovlandı, islahatlar həyata keçirildi, Azərbaycana firavanlıq gətirən neft strategiyası reallaşdı, nizami ordu yaradıldı, erməni təcavüzü dayandırıldı, separatizmin kökü kəsildi, Azərbaycanın bütövlüyü qorunub saxlanıldı.
Çörək növbələri, 1000 faizlik inflyasiya, separatizm, AXC-Müsavat hakimiyyətinin digər "şedevrləri” indiki gənclərə yəqin ki, fantaziya kimi gəlir. Ancaq bütün bunlar yaşadığımız tarixin qaranlıq bir parçasıdır. Daha dəqiq ifadə etsək, bizə yaşadılan bir tarix, bir müsibətdir. Əgər xalq vaxtında o zamankı hakimiyyəti devirməsəydi və siyasət nəhəngi Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan başqa bir tale yaşamağa məhkum olacaqdı. Yalnız Heydər Əliyevin sayəsində, onun müdrikliyi və 2003-cü ildən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan güclü, qüdrətli, firavan, təhlükəsiz dövlət və ölkə kimi tanınır və qəbul olunur. Ən başlıcası isə insanlar rahat yaşayır, gələcəyə ümidlə baxır. Ona görə də xalq 1993-cü ilin iyun ayında Heydər Əliyevin qayıdışını Milli Qurtuluş günü kimi qeyd edir.
Azərbaycan xalqı hər il böyük coşqu ilə Milli Qurtuluş bayramını qeyd etdiyi halda, 26-27 il bundan əvvəl ölkəni dəhşətli böhrana salaraq insanlara müsibətlər yaşadanların qalıqlarının indiki hakimiyyəti və bütünlükdə reallıqlarımızı yalan-böhtan əsasında tənqid etmələri istər-istəməz acı təbəssüm yaradır. Uğursuzların özlərini qəhrəman kimi göstərməsi tarixin ironiyasıdır. Lakin tarixi o tarixi yaşamış insanlara unutdurmaq mümkün deyil.
Milli Qurtuluş məfkurəsi Azərbaycanın qarşısında geniş perspektivlər açmışdır. Ölkəmizin uzun illər bu yolla gedəcəyinə və daha böyük uğurlar qazanacağına dərindən inanıram.
Milli Qurtuluş Günü bayramınız mübarək olsun!