«Məcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə təkliflər zərfi hazırlanaraq Baş nazirə təqdim edilib. Yaxın günlərdə məsələnin Baş nazirin yanında aidiyyəti nazirlik və xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə müzakirəsi nəzərdə tutulur.
Yeni qaydalar 2017-ci il yanvar ayının əvvəlindən tətbiq ediləcək. Bunun üçün hüquqi sənəd – Nazirlər Kabinetinin qərarı qəbul ediləcək. Yemək xərci müavinəti ilə bağlı yeni qaydalar isə hazırlanaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib. Məcburi köçkünlərə kommunal xidmət xərclərinin verilməsində də dəyişikliklər olacaq”.
Məcburi köçkünlər çaşqın vəziyyətdə
Məsələ ilə bağlı Modern.az-a danışan Xocalıdan olan deputat Elman Məmmədov hazırda cəbhə bölgəsində, Şuşa məcburi köçkünlərilə görüşdə olduğunu bildirib:
"Biz hazırda Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovla birlikdə Ağcabədi və Ağdam rayonları arasında "Haramı” zonasındayıq. İnsanlarla görüşürük, onalrı dinləyirik. Məcburi köçkünlərin də ən çox maraqlandığı mövzu məhz budur. Düzü, məsələ "Dövlətqaçqınkom” tərəfindən rəsmi təsdiqlənmədiyindən, biz də də insanlara dəqiq bir söz deyə bilmədik. Amma bildiyim qədərilə bəzi məsələlərin həllindən sonra qərar qüvvəyə minməlidir”.
Deputat deyib ki, hazırda yeni qaydalar üzərində işlər gedir:
"Müəyyən proseslər gedir, amma limitlər, müavinətlərlə bağlı rəsmiləşmə olmayıb. Rəsmi məlumat olmayandan sonra çöldən-çölə danışmaq doğru deyil”.
Yanvar ayının kommunal xidmət haqlarını kim ödəyəcək?...
Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin yaydığı məlumatda deyilirdi ki, ölkə ərazisində öz yaşayış ünvanlarını dəyişərkən faktiki istehlaka görə kommunal xidmət xərclərinin ödənilməsi üçün həyata keçirilən müəyyən prosedur qaydaları artıq əlavə problemlərin yaradılmasına gətirib çıxarırdı. Məcburi köçkünlərin həmin müraciətləri nəzərə alınaraq onların istifadə etdiyi kommunal xidmətlərin dəyərinin plastik kart vasitəsilə onların özlərinə verilməsi məsələsi xeyli vaxtdır ki, müvafiq dövlət qurumları ilə müzakirə olunur.
"Burada əsas məqsəd məcburi köçkünlərin müstəqil həyat tərzinə uyğunlaşdırılması, torpaqlar işğaldan azad olunandan sonra onların qayıdıb öz torpaqlarında adaptasiya olunmalarına hazırlıq, məcburi köçkünlərin özlərində müəyyən iş vərdişlərinin, əlavə dolanışıq imkanlarının yaranması, dövlət büdcəsinin vəsaitinin qənaətlə istifadə olunması və israfçılığın qarşısının alınmasından ibarətdir”,-deyə "Dövlətqaçqınkom” bəyan edib.
Qeyd edək ki, hökumət tərəfindən Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ayrılan vəsaitlər hesabına məcburi köçkünlərin kommunal xidmətləri xüsusi limit tətbiq edilməklə ödənilir. Eyni zamanda məcburi köçkünlərə 18 manat aylıq yemək xərci verilir.