Ermənistanda bir ailənin 7 üzvünü qətlə yetirən rusiyalı hərbçi Valeri Permyakov ömürlük həbs cəzası alıb.
APA-nın "news.am” saytına istinadən verdiyi məlumata görə, Gümrüdə keçirilən məhkəmədə V. Permyakov irəli sürülən bütün ittihamlar üzrə təqsirkar sayılıb.
Konkret olaraq bura Avetisyan ailəsinin 7 üzvünün qətlə yetirilməsi, quldurluq məqsədi ilə hücum və sərhədi qanunsuz keçmə cəhdi aiddir.
Xatırladaq ki, 2015-ci il yanvarın 12-də Gümrü şəhərində Avetisyanlar ailəsi güllələnib. Cinayəti törətməkdə Gümrüdə yerləşən Rusiyaya məxsus 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov şübhəli bilinib. Rusiya qarnizon məhkəməsi onu fərarilik və silah oğurladığına görə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 10 il müddətinə azadlıqdan məhrum edib. 2015-ci ilin yanvarın 12-də Avetisyanlar ailəsinin 6 üzvünün qətlə yetirilməsi faktı üzrə cinayət işi əlavə icraata ayrılaraq Ermənistan tərəfinə verilib.