Hindistanın baş naziri Narenda Modinin Tehrana mayın 22-də nəzərdə tutulan ikigünlük səfəri ərəfəsində Hindistanın neft tədarükünə görə İrana olan borcunun 750 mln dollarını qaytaracaq. APA-nın "TASS”-a istinadən verdiyi xəbərə görə, qeyd olunan məbləğin 500 mln dollarını İranın hesablarına Manqalor neft emalı və neft-kimya zavodu, 250 mln dollarını isə "Indian Oil Corp” şirkəti köçürəcək.
IRNA-nın məlumatına görə, vəsaitlər İranın Milli Neft Şirkətinin Türkiyənin "Halkbank” bankındakı hesabına köçürüləcək.
Hindistanın "Essar Oil” neft şirkəti də yaxın zamanda İrana olan borcunun 500 mln dollarını qaytaracağını açıqlayıb.
Qeyd edək ki, Hindistan şirkətləri İrana qarşı 2012-ci ildə sanksiyalar tətbiq edildikdən sonra da İran neftini idxal etməkdə davam ediblər. Tədarük olunan neftin dəyərinin 45 faizini onlar rupi ilə ödəyiblər, dollarla olan ödənişləri isə sanksiyalar səbəbindən həyata keçirilməyib. Qeyd edək ki, Hindistanın ötən dövr ərzində neftə görə İrana olan borcu 6,5 mlrd dollar təşkil edib.Borcun ödənilməsi məsələsi Hindistanın baş naziri Narenda Modinin Tehrana səfəri zamanı müzakirə olunacaq əsas mövzulardan biri olacaq.