Media və Mülki Cəmiyyət İctimai Birliyi iyulun 10-da Biləsuvar rayon Mərkəzi Kitabxanasında (MKS)“Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda ictimai müzakirə keçirib. Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinın maliyyə dəstəyi ilə həyata keçirilən “Cənub bölgəsində mədəni irsin təbliği istiqamətində təşəbbüslər” adlı layihəsi çərçivəsində baş tutub. Bu barədə təşkilatın və layihənin rəhbəri Xanoğlan Əhmədov məlumat verib.Təşkilat sədrinin sözlərinə görə, layihənin məqsədi cənub bölgəsində yaşayan əhalinin, əsasən gənclərin maddi və qeyri-maddi irsimizin qorunması və təbliği işinə cəlb olunması üçün maarifləndirmə tədbirlərinin təşkil edilməsindən və mətbuatda geniş məlumatlandırma işlərinin həyata keçirilməsindən ibarətdir. X.Əhmədov bildirib ki, tədbirdən öncə layihə təşkilatçıları Biləsuvar Tarix Diyarşünaslıq Muzeyini ziyarət etmiş və muzeyin eksponatları ilə tanış olmuşlar.
Tədbirdə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov “Cənub bölgəsində mədəni irsin təbliği” mövzusunda geniş məruzə edib. Məruzəçi qeyd edib ki, Biləsuvar rayonu Azərbaycanın zəngin tarixi keçmişi olan bölgələrdən biridir. Azərbaycanın bütün ərazisində olduğu kimi Biləsuvar ərazisi də ən qədim vaxtlardan insan məskəni olmuşur. Burada mövcud olan 10 arxeoloji abidə və orta əsrlərə aid olan memarlıq abidəsi Şəhriyar qalası Biləsuvarın qədimliyini sübut edir. Məruzəçinin sözlərinə görə, bunu, eyni zamanda rayon ərazisində aşkar edilmiş çoxsaylı arxeoloji tapıntılar və memarlıq abidələrinin qalıqları da təsdiq edir. Təəssüf ki, bu arxeoloji obyektlərin əksəriyyəti hələ tam tədqiq edilməmişdir.
K.İsmayılov daha sonra qeyd edib ki, Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölündükdən sonra bir hissəsi İranda qalmışdır. Biləsuvarın taixi ilə bağlı maraqlı məlumatlar çoxdur. Bəzi müəlliflər tarixi mənbələrə istinad edərək yazırlar ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın - bolqar və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra qeyd edilir ki, “Atlı əsgərlərin və çaparların keçid yeri” toponimi Biləsuvarın toponiminə uyğun gəlir. Biləsuvar toponimin “Belə”, “Su”, “Var” sözlərindən yarandığını qeyd edənlər də var. Yerli əhali də bu fikrə daha çox üstünlük verir.
Tədbirdə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev, Biləsuvar rayon Mərkəzi Kitabxanasının direktoru Elşad Talıbov və digər iştirakçılar mövzu ilə bağlı çıxış ediblər.