Azərbaycanlılar müxtəlif ölkələrdə böyük biznes imkanlarına malikdirlər. Mən bunu alqışlayıram. Bu çox müsbət haldır. Bu, xalqımızın iqtisadi imkanlarını genişləndirir. Eyni zamanda xaricdə yaşayan iş adamları Azərbaycanda yaşayan qohumlarına da köməklik göstərirlər. Bu da burada yaşayanlar üçün çox önəmlidir.
Sabahinfo.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib: "Mən çox istərdim ki, xaricdə yaşayan iş adamları Azərbaycana sərmayə qoysunlar. Bu gün Azərbaycanda sərmayə iqlimi çox müsbətdir. Bunu bütün mötəbər beynəlxalq maliyyə qurumları qeyd edir. Son 20 il ərzində, 1995-ci ildən bu günə qədər ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin təxminən yarısı xarici investisiyalardır. Azərbaycanda sərmayə mühiti yaxşıdır, biznes mühiti günü-gündən yaxşılaşır, bütün bürokratik əngəllər aradan götürülür. Xüsusilə bu ilin əvvəlində imzaladığım sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə çox ciddi dönüş yaranmışdır, bütün bürokratik əngəllər aradan götürülüb, şəffaflıq tam təmin edilib və bunun nəticələrini biz gündəlik həyatda görürük. Beynəlxalq mötəbər qurumların hesabat və bəyanatlarında biz bunu görürük. Ona görə də investisiya, sərmayə qoyuluşu üçün Azərbaycan dünya miqyasında ən cəlbedici ölkələrdən biridir. Bu gün sərmayə qoyuluşu problemləri o cümlədən bazarlara da təsie edir. Çünki dünyada, yaşadığımız bölgədə, Yaxın Şərqdə, Avropada vəziyyət gərginləşir".
Prezident sonra deyib ki, yeni qarşıdurma, münaqişə ocaqları yaranır, sabitlik pozulur: "Sabitlik olmayan yerdə investisiya da olmayacaq. Azərbaycanda sabitlik var. Bu sabitliyin təminatçısı, qarantı Azərbaycan xalqıdır və bu gözəl biznes imkanları üçün də gözəl şərait yaradılır. Ona görə bir daha demək istəyirəm, böyük maliyyə imlkanlarına malik olan azərbaycanlı iş adamlarına müraciət edirəm ki, Azərbaycana sərmayə qoyun. Müxtəlif sahələrə, xüsusilə iqtisadiyyatın real sektoruna, kənd təsərrüfatına, sənaye, turizm sektoruna, yüksək texnologiyalar sektoruna. Bütün bu sektorlar sürətlə inkişaf edir və bu sektorlara qoyulan sərmayə batmır. Biz bunu iqtisadi göstəricilərdə görürük. Sərmayələr Azərbaycan dövləti tərəfindən, o cümlədən qəbul edilmiş qanunlar tərəfindən layiqincə qorunur. Bir məsələyə də toxunmaq istəyirəm. Azərbaycanlılar həmişə öz Vətənlərinə bağlı insanlar kimi özlərini göstəriblər. Bu gün də bu belədir".
İlham Əliyev sonra bildirib: "Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç olmasa ildə bir dəfə Azərbaycana gəlsin. Birincisi, ona görə ki, Vətənlə əlaqələr qırılmasın. İkincisi, ona görə ki, Azərbaycanda, ölkənin müxtəlif yerlərində çox gözəl şərait yaradılıb. Bakı şəhərində, bizim bölgələrimizdə gözəl, müasir otellər, istirahət zonaları yaradılıb. İstirahət üçün, hesab edirəm ki, indi Azərbaycan dünya miqyasında öz imkanlarını ortaya qoyur. Bununla bərabər, bunun, əlbəttə ki, ölkə iqtisadiyyatına da xeyri olacaq. Çünki hazırda turizm sektoru da sürətlə inkişaf edir və bu sektoru daha da sürətlə inkişaf etdirmək üçün çox ciddi islahatlar aparılır və görürük ki, Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Onların arasında, əlbəttə ki, dünya azərbaycanlılarını da biz görmək istəyirik. Əgər hər bir azərbaycanlı, xaricdə yaşayan azərbaycanlı ailəsi ildə bir dəfə Azərbaycana gəlsə, bu çox yaxşı olar".