İpəkçiliyin parlaq perspektivi var

Azərbaycan qədim zamanlardan Şərqin ipəkçilik ölkəsi kimi tanınıb. Tarixin müxtəlif dövrlərində ipəkçilik Azərbaycan iqtisadiyyatında mühüm yer tutub. Lakin son illər bu sahəyə ölkəmizdə maraq azalıb, baramaçılığın inkişafı arxa plana keçib. Dünya bazarında neftin qiymətinin düşməsindən sonra isə ölkəmizdə qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı qarşıya məqsəd qoyulub.

Kənd təsərrüfatında isə prioritet sahələr var ki, onların inkişafı ön plana keçir. Onlardan biri də baramaçılıqdır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında tütünçülük, pambıqçılıq və baramaçılıq kimi ənənəvi sahələrin inkişaf etdirilməsi üçün hökumətə xüsusi tapşırıqlar vermişdi. Ölkə başçısı iki gün öncə "Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə subsidiya müəyyən ediləcək.

"İpəkçiliklə bağlı ölkədə insfrastruktur var"

İqtisadçı ekspert Rəşad Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, bu sahənin uzun illər inkişafdan qalmasının əsas səbəbi istehsal olunan məhsulun fermerin əlində qalması olub: "İpəkçilik ölkəmizdə ənənəvi sektorlardan hesab olunur. Sovet və ondan əvvəlki illərdə, hətta qədim dövrlərdə Azərbaycanda ipəkçiliklə bağlı ciddi işlər görülüb. Eyni zamanda bu sahə kənd təsərrüfatının əsas istiqamətlərindən biri hesab olunurdu. Sovet dövründən sonra müstəqillik dövründə ölkəmizdə bu istiqamətdə daimi olaraq geriləmə qeydə alınıb. Bunun da əsas səbəbi istehsalçıların öz məhsullarını yerləşdirə bilməməsi hesab olunurdu. İstehsalçı məhsulunu ya sata bilmirdi, ya da aşağı qiymətə satmağa məcbur olurdu. Gəlirlilik aşağı idi. Bu sahə müəyyən qədər uzunmüddəti dövrdə investisiya tələb edir. İstehsalçılar bu vəsaitləri tapmaqda çətinlik çəkirdi. Bu səbəbdən də ötən dövrə ərzində Azərbaycanda ipək istehsalı təxminən 4-5 dəfə azaldı".

R.Həsənov deyir ki, ipəkçiliyin inkişaf etdirilməsinin önəmli səbəblərindən biri məhsulu dünya bazarlarına birbaşa çıxarmaq imkanının olmasıdır: "Eyni zamanda ipəkçiliklə bağlı ölkədə insfrastruktur da var. İpək emalını həyata keçirən sənaye sahələri mövcuddur. 2016-ci ildə xüsusilə xam ipəyin alınması ilə bağlı müəyyən addımlar atıldı. Qiymətin artırılması, əlavə əkin sahələri ilə təmin olunma və yeni imzalanan sərəncam bu istiqamətdə prosesin daha da sürətləndirilməsinə hədəflənib. Və ölkəyə əlavə istiqamətlərdən, kənd təsərrüfatının ipəkçilik sahəsindən də əlavə valyuta axınının təmin edilməsi, yeni iş yerlərinin yaradılması əsas məqsədlərdən biridir".

İstehsalçıların kreditə əlçatanlığı...
 
 
Ekspert bu sahədə görülməli işlər haqqında da danışdı. Bildirdi ki, bu istiqamətdə atılacaq əsas addım sərənacamda qeyd olunduğu kimi, məhsulun istehsalına görə subsidiyalaşmadır: "Sərəncamda yaş məhsulun təhvil verilməsi zamanı bir kiloqram üçün subsidiyanın verilməsi nəzərdə tutulub. Bunun həcmi hələ ki məlum deyil. Yəqin ki, yaxın müddətdə məlum olacaq. Bu istiqamətdə kredit əlçatanlığının artırılması, dövlət vəsaitləri hesabına fəaliyyət göstərən Sahibkarlara Kömək Milli Fondunun xətti ilə ipəkçilik sektorunda fəaliyyət göstərmək istəyən sahibkarlara uzunmüddətli dövrdə daha aşağı faizlərlə kreditlərin verilməsi təmin olunmalıdır.

Texnika və avadanlıqların ölkəyə gətirilməsi üçün lizinq şirkətləri ilə dövlət tərəfindən müəyyən razılıq əldə edilə bilər. Xüsusilə Kənd Təsərrüfatı Nazirliyi lizinq şirkətləri ilə birgə işləməlidir ki, istehsalçılara uzunmüddətli və daha aşağı qiymətlərlə texnika və avadanlıqlar təklif edilsin. Eyni zamanda atılacaq addımlardan biri də baramaçılığın inkişaf etdiyi Şəki, Zaqatala kimi regionlarda boş qalan torpaq sahələrinin uzunmüddətli dövrdə rəmzi icarə haqqı ilə sahibkarlara baramaçılıqda istifadə təyinatı olmaq şərtilə tut ağaclarının əkilməsi üçün icarəyə verilməsi ola bilər".

Davamlı biznes tərəfdaşlara ehtiyac var

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirdi ki, ölkəmizdə son dövrlər şaxəli şəkildə iqtisadiyyatın inkişaf etdirilməsi üçün işlər görülür. Onun sözlərinə görə, bu strategiyanın bir istiqaməti ondan ibarətdir ki, Azərbaycan dünya bazarına rəqabətə davamlı məhsullar çıxarsın. Davamlı, ənənəvi istehsal sahələrindən biri də ipəkçilikdir: "Düzdür, bu sahədə məhsulun yetişdirilməsi üçün işlər görülür. Amma iqtisadiyyatda əsas prinsiplərdən biri də istehsal olunan məhsulun satışının təşkilidir. Burada da istehsal olunan ipəyin satışı, dünya bazarına çıxarılmasına dəstək göstərilməsi lazımdır. Birinci dəstək satış bazarlarının tapılması, həmin məhsullların dünya bazarında tanıdılması istiqamətində olmalıdır. Müştəri olduqdan sonra istehsal prosesini müştərinin istəyinə uyğun genişləndirmək olar. Məhsul olsa, müştəri olmasa, burada inkişaf o qədər də effektli alınmır. İqtisadiyyatın ilk prinsipi kimin üçün istehsal etmək, nə istehsal etmək, necə istehsal etməkdir. İpəkçiliyin də inkişafı bu prinsipə dayanmalıdır".

R.Atakişiyev deyir ki, ipəkçiliklə bağlı davamlı, dayanıqlı biznes tərəfdaşlar tapsaq, o zaman istənilən effekti ala bilərik: "Satış bazarı olsa, ipək istehsalı genişləndirilsə, bu zaman xammala tələbat öz-özünə yaranacaq. Daha çox gəlir gətirən satış bazarlarına hədəflənmək lazımdır. Gəlir yaxşı olanda xammala da yaxşı pul vermək olur. Xammal ucuz olsa, o məhsulun becərilməsinə maraq da aşağı düşəcək. Bunlar əlaqəlidir. Ona görə hədəfdə daha çox pul gətirən bazarlar olmalıdır. Bazarları əldə etdikdən sonra məhsul satışı olmasa da, müxtəlif maliyyə institutlarından vəsait götürməklə, məhsulun müəyyən qiymətə qəbul elanını verməklə işə başlamaq olar".

Məhsulun 1 kiloqramı 8 manata...

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyir ki, baramaçılığın inkişafı ilə bağlı nazirlik tərəfindən davamlı işlər görülməsi planlaşdırılır: "Ölkə başçısı ipəkçiliklə məşğul olanlara subsidiyaların verilməsi ilə bağlı sərəncam imzladı. Artıq nazirlik tərəfindən təkliflər hazırlanıb təqdim olunub. Baramaçılığın inkişaf etdirilməsi ilə bağlı nazirlik tərəfindən proqramlar və tədbirlər planı hazırlanıb. Bu il respublikanın 30 rayonunda 1 600 000 tut ağacının əkilməsi nəzərdə tutulub. Bu il 71 ton barama istehsal olunub. Gələcək perspektivdə bu sahənin inkişafı ilə bağlı nazirlikdə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, hər kiloqrama dövət tərəfindən 2 manat subsidiya verilməsi ilə bağlı təkliflər hazırlanıb, hökumətə təqdim olunub. Fermerlərin, sahibkarların bu sahəyə marağı var. Şəki İpək Kombinatı istehsalçılarla müqavilə bağlayıb. İstehsal olunmuş məhsulun bir kiloqramı 8 manat civarında alınır. Respublikanın 30-dan çox rayonunda bu sahə inkişaf etdirilir".