Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
Zəngilan elinin ağsaqqalı, tanınmış ictimai-siyası xadim Nəzir Qibləli oğlu Kərimovun işıqlı xatirəsinə dərin ehtiramla
Ötənləri xatırlamaq ötənlərdə olmuşları yenidən yaşamaqdı. Yeniyetməliyimdə, gəncliyimdə gördüklərim, yaşadıqlarım, eşitdiklərim heç zaman yaddaşımdan çıxmayıb, çıxmayacaq da...
Ötən illərin xatirələri kövrəklikdi. Atalı dünya var ötənlərdə, analı dünya var, uşaqlıq var, yeniyetməlik var, ilkin gənclik, gənclik var. İllər sonra sənə elə gəlir ki, o vaxtlar yellər belə əsmirmiş, yağışlar belə yağmırmış, şimşəklər belə çaxmırmış, çiçəklər belə açmırmış. O illərdə uşaqlığın gecələri ata söhbətləriylə sonlanırdı, səhərlərin xeyir-duası ata öyüd-nəsihəti olurdu. Onda ömrün sabahlarına aparan yolun nə qədər işıqlı olduğu da duyulur, bu yolun sonunda niyyətlərin bayraqlaşacağı da...
Ötənlərdə tanıdığım, sevdiyim, xarakterindən, təşkilatçılığından öyrəndiyim vətənpərvərlər də qalıb...
Nəzir Kərimov 1928-ci il aprelin 13-də Zəngilan rayonunun Yusiflər kəndində anadan olub. Pirçivan kənd (indiki Zəngilan şəhər) orta məktəbini bitirdikdən sonra rayon partiya komitəsində texniki katib işləyib. Bu yaşda, bu təhsillə, bu vəzifəyə təyin olunma faktı deyir ki, Nəzir Kərimov orta təhsilli olsa da savadlı imiş, geniş dünyagörüşü ilə tanınırmış. Ünsiyyətcil gənc kimi, insanları səbrlə dinləyərmiş, dəyərli məsləhətlər verərmiş. "Məsləhət vermək asandır, nə istəsən deyə bilərsən, ancaq dediklərinin gerçək situasiyaya gərəkli olduğuna, olacağına əmin olmalısan. Əmin deyilsənsə, dillənmə, belə məqamlarda sükut danışmaqdan xeyirlidir", - Nəzir müəllim belə deyərmiş. Bu kəlamlar ağsaqqallıq kəlamlarıydı, bu kəlamlarda Dədə Qorqudluq da vardı...
Nəzir Kərimov hərbi xidmətdə olanda fəallığı, siyasi səbatlığı ilə tanınıb, Moskva yaxınlığında Tuçkova qəsəbəsindəki Daş-çınqıl kombinatında mühafizə divizionunun komsomol komitəsinin katibi seçilib, partiya sıralarına qəbul edilib...
Anam Məstan Ələsgərova xatırlayırdı: "mən də rayon komsomol komitəsinin büro üzvü idim. Bir gün büro iclasına əsgər şinelində bir gənc də gəldi. Onu təqdim etdlər: Nəzir Kərimov. Komitənin birinci katibi vəzifəsinə namizədliyi təklif edildi. Plenumun qərarı ilə 1952-ci il dekabrın 25-də yekdilliklə birinci katib seçildi. Həm hərbi xidmətdən əvvəl tanınırdı, həm də əsgər şinelində olan cavanın vətənpərvərliyinə və gənclərə yaxın olacağına inama görə..."...
Yaxşı iş işıq kimidi. Uzaqdan da görünür. Əməlisalehlər bu işığa sabahların işığı deyir və yaxşı işi dəyərləndirir. Nəzir Kərimovun fəallığı da, cəmiyyət üçün gərəkli təşəbbüsləri də, gənclərin bu təşəbbüsləri dəstəkləməsi də rayon partiya komitəsinin diqqətindən iraq düşməyibmiş. 1954-cü ilin oktyabr ayının 5-də yaxşı işinin zəmanəti ilə Zəngilan rayon partiya komitəsinin təşkilat şöbəsinin təlimatçısı vəzifəsinə irəli çəkilib. 1956-cı il fevralın 12-dən avqustun 30-dək partiya komitəsində təşkilat şöbəsinin müdiri vəzifəsində işləyib.
Ali təhsil almaq istəyirdi. Dost-tanışlarına deyərmiş: "Elə bil nəsə çatışmır. Bu "nəsə"nin çarəsi ali təhsildədi. Ali təhsil alacam. Mütləq alacam...". İstəyini rayon partiya komitəsinin ikinci katibi Ziyad Təhməzova bildirib. Ziyad müəllim Nəziri səbrlə dinləyib, gənc partiya işçisinin arzusu onun qəlbini telləndirib. Onun niyyətinin işığında özünün gəncliyini görüb. Elmə, təhsilə həmişə yüksək dəyər verən Ziyad müəllim böyük Nizaminin bir misrasını xatırlatmaqla ona uğurlar arzulayıb: "Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eləyə bilməz". Ziyad müəllimin məsləhəti ilə Bakı Ali Partiya Məktəbində ali-siyasi təhsil alıb. 1960-cı ildə təhsilini fərqlənmə diplomu ilə başa çatdırandan sonra Zəngilan rayon partiya komitəsində təlimatçı işləyib. Əvvəlki sevgilərlə, əvvəlki yorulmazlıqla, əvvəlki enerji ilə. 1961-ci il avqustun 10-da Zəngilan Rayon Partiya Komitəsinin ikinci katibi seçilib.
O illərdə SSRİ hökumətinin daxili siyasəti hərdən anlaşılmazlıqlar da yaradırdı. Niyəsi bilinməyən irimiqyaslı siyasi islahatlar idarəetmədə də aparılırdı - rayonlar birləşdirilirdi. 1963-cü ildə mərkəzi Zəngilan şəhəri olmaqla Zəngilan rayonu ilə Qubadlı rayonu birləşdirildi. Nəzir Kərimov 1963-cü il yanvarın 13-də Zəngilan Rayon Zəhmətkeş Deputatları Soveti (ZDS) İcraiyyə Komitəsinin sədri seçildi. Vaxtilə gənclərin qayğılarının qayğısına qalan vətənpərvər Nəzir Kərimov bundan sonra birləşmiş rayonların əhalisinin qayğısına qalacaqdı. Qalırdı da...
Ərazi geniş idi. Geniş ərazidə yaşayanların da sayı çox idi. Sosial qayğıların hamısını yerinə yetirmək çətinliklər törədirdi...
Zəngilanda kabinetdən Qubadlının uzaq dağ kəndlərinin qayğısına qalmaq əlbəttə ki, çətin, çox çətin olurdu. Nəzir müəllim bəzən Qubadlının Saldaş, Fərcan kəndlərindən gedib Eyvazlı kəndinə çıxırdı, ordan qayıdıb Qubadlıda qalırdı. Səhər Qubadlıdan Həmzəli, Muradxanlı, Basarat kəndlərinə gedirdi...
Bunları nəzərə alaraq Qubadlıda rayon ZDS icraiyyə komitəsinin binasını Zəngilana köçürmədi. Hiss edirdi ki, bu, rayonun sakinlərinə pis təsir göstərə bilər. Digər bir çətinlik də rayonda çörəyin, unun kəm olması idi. Şəbəkəli fəaliyyətdə əsas diqqəti kolxozların iqtisadiyyatının qaldırılmasına verirdi.
Rayon mərkəzinə 1967-ci ilin sentyabrında şəhər statusu verilməsi Nəzir Qibləli oğlunun ən böyük və yaddaqalan xidmətlərindən biridir. Şəhər statusu Zəngilanın abadlaşdırılması və geniş quruculuq işlərinin aparılması üçün maddi imkanları artırdı, yeni idarə və müəssisələrin yaradılmasına imkan verdi.
Şəhərin emblemi və təsəvvürolunmaz özəlliyi olan 27 hektarlıq sahədə Dağüstü park salınması, sonralar genişləndirilərək 100 hektardan çox ərazisi olan "Gənclik Parkı" adlandırılması rayonun ən səfalı istirahət və əyləncə yerinə çevrildi. Parkda təpələr hamarlanaraq terraslar çəkildi, yüz minlərlə meyvə, həmişəyaşıl bəzək ağacları, yaraşıqlı, göz oxşayan gül kolları əkildi, dayanaqlı suvarma üçün su kəməri çəkildi. "Gənclik Parkı"nda Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə abidə ucaldıldı. Tarixin dünənlərinə, zəngilanlıların Böyük Vətən müharibəsində qəhrəmanlıqlarına ehtiram kimi. Hələ orta məktəbdə oxuyanda, elə sonrakı illərdə də bu parkın ilk ağaclarını əkənlərin sırasında mən də olmuşdum. Bu bənzərsiz, möhtəşəm parkın tikilməsində hamı böyük sevgilərlə iştirak edirdi. Nəzir müəllim də onların sırasındaydı....
Tarixin dünənləri sabahların başlanğıcıdır. Bu başlanğıc əbədiliyin yolgöstərənidir. Həmişə belə olub. Tarixin dünənlərinə sayğı, ehtiram, sabahlarına qayğı Nəzir Kərimovun fəaliyyətinin göyqurşağı olub, zənnimcə. Qəbiristanlıq salınması üçün şəhərdə iki hektar sahədə torpaq sahəsini ayırması, oranın mişar daşları ilə hasara alınması, içməli su çəkilməsi, xeyli ağac, gül kolları əkilməsi, gediş-gəliş üçün yol ayrılması, gözətçi təyin edilməsi və digər işlərin görülməsi buranı əsl ziyarətgaha çevirmişdi.
Zəngilan şəhərinin yuxarı hissəsi ilə aşağı hissəsini birləşdirən körpü salınması, Bəsit çaydan şəhərə əlavə su kəməri çəkilməsi, qəsəbə və kəndlərimizin əsaslı surətdə genişləndirilməsi, abad-laşdırılması da Nəzir Kərimovun Zəngilana heç zaman unudulmayacaq xidmətlərindəndir. "Tikmədim özüm qalam. Tikdim ki, izim qala" bayatısı kimi...
Şəhərdə müasir tipli, yaşıl örtüklü gözəl stadion, müasir tələblərə cavab verən bazar, daha yüksək xidmət imkanları olan çoxlu mədəniyyət, maarif, səhiyyə, ticarət və ictimai iaşə obyektlərinin tikintisi geniş vüsət aldı. Belə uğurlu abadlıq və quruculuq işlərinin sayəsində ən ucqar dağ rayonu olan Zəngilan respublikanın ən yaraşıqlı və füsunkar şəhərlərindən birinə çevrildi.
1968-ci il sentyabrın 11-də Nəzir Kərimovun Zəngilan rayon partiya komitəsinin birinci katibi seçilməsi bütün zəngilanlıların sevincinə səbəb oldu. Hər bir zəngilanlı Nəzir Kərimovu gördüyü quruculuq işlərinə, ədalətinə, işgüzarlığına, tələbkarlığına və yüksək intizamına görə sevirdi və ona ehtiramla yanaşırdı. Bu ehtiramı və etimadı şərəflə doğrultmaq üçün yeni vəzifədə daha yeni yaddaqalan quruculuq işləri gördü.
Artıq rayonun iqtisadiyyatında, mədəni quruculuq sahəsində, maarif, mədəniyyət, səhiyyə sahələrinin işində ciddi irəliləyiş hiss olunurdu. Pambıqçılıq, heyvandarlıq sahəsində əldə olunmuş nailiyyətlərə görə rayonda aparılan işlər yüksək qiymətləndirilərək Azərbaycan KP MK-nın və Respublika Nazirlər Sovetinin keçici qırmızı bayraqlarına layiq görülməklə, kənd təsərrüfatında çalışan əməkçilərin bir çoxu dövlət tərəfindən ən yüksək orden və medallara layiq görüldü.
Ağ oyuq böyük düzdü. Susuzluq onun gözəlliyini həmişə korlayıb. Onu bu ağrılardan Nəzir Kərimov xilas etdi. "Ağ oyuğu susuzluq mərəzindən xilas eləmək mənim həm mənəvi borcumdu, həm vətəndaşlıq, həm də vəzifə borcumdu...", - Nəzir müəllim belə deyirmiş. Deyirmiş və 3500 hektar dəmyə sahənin suvarılması məqsədi ilə Ağ oyuğa Həkəri çayından su çıxardılmasına qərar veribmiş. Bunun üçün vəzifə imkanlarından, deputatlıq hüququndan bəhrələnməklə hidrokompleksin tikintisinin 1976-1980-ci ilin planına salınmasına nail olmuşdu. Su çəkildi. Nəticədə, rayonun suvarılan torpaqlarının həcmi 2.5 dəfə artdı. Yazı düzünə su çəkilməsilə əlaqədar şəhərin şimal-qərbində melioratorlar üçünirimiqyaslı yaşayış məntəqəsinin, Yazı düzündə hər cür sosial xidmət obyektləri olan 1500 nəfərlik Üzümçülər qəsəbəsinin salınması da Nəzir Kərimovun müstəsna xidmətlərindən idi.
Səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı və Azərbaycan Partiya təşkilatının dörd qurultayına nümayəndə seçilən, partiya-sovet orqanlarında yüksək fəaliyyətinə görə 1971-ci ildə "Oktyabr İnqilabı", 1973-cü ildə "Qırmızı Əmək Bayrağı", 1976-cı ildə ikinci dəfə " Qırmızı Əmək Bayrağı " ordenləri ilə təltif edilən Nəzir Kərimov rayon partiya komitəsinin birinci katibi vəzifəsindən sonra 2006-cı il dekabrın 28-dək 27 il rayon maliyyə şöbəsinin müdiri vəzifəsində işləyib.
Zəngilanlılar Nəzir Kərimova həmişə ehtiram göstərirdi. Mən camaatın Nəzir müəllimə hörmət və ehtiramını onunla təsərrüfat işlərinin qızğın vaxtlarında kolxoz-sovxozlara birgə təhkim ediləndə dəfələrlə görmüşəm...
Tanınmış ictimai-siyasi xadim, Zəngilan elinin müdrik ağsaqqalı və dəyərli ziyalısı Nəzir Qibləli oğlu Kərimov 2011-ci il iyunun 7-də köçdü dünyadan.
Nəzir müəllim qurdu, yaratdı. Qurduqları, yaratdıqları Zəngilan işğal olunana kimi yaşadı, yaşadıldı. Zəngilanın işğaldan azad edilməsini görə bilmədi Nəzir müəllim. Zəngilanı yenidən görsəydi, əyilib torpağı öpərdi, zamanında qurduqlarının, yaratdıqlarının görkəmini görüncə sinə dolusu ah çəkərdi...