İŞİD-in ən yüksək vəzifəli rəsmilərindən biri qrupun beynəlxalq tərəfdarlarını müqəddəs Ramazan ayı ərzində mülkilər üzərinə basqın və hücumlara çağırıb.
Əbu Bəkr əl-Bağdadinin ən yaxın müşaviri və bəlkə də mümkün xələfi Əbu Məhəmməd əl-Adnani müraciətində deyib ki, ABŞ və Avropada yaşayan cihad tərəfdarlarının yaşadıqları yerlərdə "yalquzaq canavar hücumları" etməsi onların Suriya və İraqa gəlib orada döyüşməsindən daha əhəmiyyətlidir.
sabahinfo.az BBC-yə istinadən bildirir ki, bu 31 dəqiqəlik audiomesaj İŞİD-in əl-Furqan media qanadı tərəfindən yayılıb. "The İndependent" yazır ki, bu, ötən ilin oktyabrından bəri Adnanidən çıxan ilk soraqdır.
Məqalədə deyilir ki, bu müraciətdə Parisdən Qahirəyə uçarkən qəzaya uğramış EgyptAir təyyarəsi barədə heç nə deyilməsə də, İŞİD-in son vaxtlarda məruz qaldığı hərbi uğursuzluqlara işarə var.
"Ramazan fəth və cihad ayıdır, - deyib Adnani, - Bu ayı kafirlər üçün hər yerdə fəlakətə döndərin".
"Onların öz yurdunda törədilmiş ən balaca akt da bizim yanımızda olaraq edə biləcəyinizdən daha yaxşı və daha təsirlidir. Bəlkə sizlərdən kimsə İslam Dövlətinə qoşulmaq istəyir, amma biz arzu edərdik ki, kaş sizin yerinizdə olub səlibçiləri gecə-gündüz cəzalandıra biləydik" - deyilir müraciətdə.
Biz hətta lap Raqqanı itirsək də...
"The İndependent" yazır ki, cihadçıların döyüş ruhunu yüksəltməyə hesablanmış bu müraciətdə qruplaşmanın hərbi uğursuzluqları da qeyri-ixtiyari etiraf edilir.
"Siz elə bilirsiniz ki, bizim bir-iki liderimizi öldürməklə qalib gəlirsiniz. Bu yalançı qələbədir - deyib Adnani, - Biz hətta lap Raqqa və Sirteni itirsək belə məğlub olmayacağıq".
Məqalədə deyilir ki, sözü gedən mesaj İŞİD tərəfdarları arasında geniş paylaşılsa da, müraciəti edən səsin xalisliyi rəsmən təsdiq edilməyib.
Belə mesajlar adətən beynəlxalq icmaya İŞİD liderlərinin sağ olduqlarını bildirmək üçün verilir və Adnanidən əvvəl belə bir müraciətin Bağdadi tərəfindən ediləcəyi gözlənilirdi.
Lakin bunun əvəzində Adnani öz müraciətində "müharibə naziri" Omar əş-Şişaniyə istinad edib və bununla da Pentaqonun onun öldürüldüyü barədə ehtimallarının yanlış olduğuna işarə vurub.