İstanbulda mitinq keçirilir - Siyahı

İstanbuldakı Yeniqapı meydanında milyonlarla insanın qatıldığı demokratiya və şəhidlər mitinqi keçirilir.

sabahinfo.az AZƏRTAC-a istinadən bildirir ki, mitinqdə iyulun 15-də dövlət çevrilişinə cəhd zamanı həlak olan şəhidlərin xatirəsi anılacaq, İstiqlal Marşı oxunacaq. Sonra Prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu və Milliyyətçi Hərəkat Partiyasının rəhbəri Dövlət Bahçeli çıxış edəcək, həmrəylik mesajları veriləcək.

Demokratiya və şəhidlər mitinqi Türkiyə Silahlı Qüvvələrinin mehtər bölümünün çıxışı ilə başlayıb.

Qeyd edək ki, bu gün, İstanbulla yanaşı, Türkiyənin 80 vilayətində də demokratiyaya və dövlətə dəstək mitinqləri keçirilir.

---------

14:16

Yaxın saatlarda İstanbulun "Yenikapı" meydanında ümumxalq mitinqi başlayacaq. "Demokratiya və şəhidlər" şüarı ilə keçiriləcək mitinq iyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişi cəhdinə qarşı həmrəylik məqsədi daşıyır.sabahinfo.az  AZƏRTAC-a istinadən bildirir ki, artıq mitinq meydanına insan seli axmaqdadır.

Ölkə müxalifətini təmsil edən Cümhuriyyət Xalq və Millətçi Hərəkat partiyaları Türkiyə dövlətçiliyi naminə mitinqə qatılmaq təklifini qəbul ediblər. Razılıq əldə olunub ki, mitinqdə siyasi ayrı-seçkilik şüarları səsləndirilməyəcək.

Bu mitinq Türkiyədə siyasi partiyaların birgə iştirak etdikləri ən böyük həmrəylik mitinqi kimi xarakterizə olunur. Mitinqə 5 milyona yaxın insanın qatılacağı gözlənilir.

Xarici və yerli KİV-lər mitinq yerindən birbaşa reportajlar yayırlar. Ankarada və ölkənin digər böyük şəhərlərində də həmrəylik mitinqləri təşkil olunub.

İstanbulda mitinq keçirilir - YENİLƏNİB - FOTO