Son illərdə Azərbaycanda mədəniyyətlərarası və sivilizasiyalararası məsələlərə həsr olunmuş çoxsaylı beynəlxalq konfranslar keçirilir. Ölkəmizin belə mühüm tədbirlərə ev sahibliyi etməsi onun gücündən və inkişafından xəbər verir. Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib.
Dövlətimizin başçısı İlham Əliyev Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxış edərək bildirib ki, ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra Ermənistanın dırnaqarası qarantorları tərəfindən siyasi hücumlara məruz qaldıq: “Buna baxmayaraq, biz yenə sülh təklif etdik. İndi isə biz, əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb. Nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər.
Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər”. Dövlət başçısının da vurğuladığı kimi, post-müharibə dövrünün reallıqları sülh prosesinin irəlilədilməsi baxımından yeni yanaşmalar tələb edir. Azərbaycan 30 il ərzində məhz vasitəçilərə ümid olaraq münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar aparıb. Lakin bu gün həmin sonsuz danışıqların pərdəarxası məqamları açıqlandıqca, vasitəçilik missiyasını üzərinə götürənlərin əsl niyyətlərinin nədən ibarət olduğu açıq şəkildə görünür. Əslində onlar bölgədə qalıcı sülh yox, əksinə, daim müdaxilə imkanlarına yol açan münaqişəli vəziyyətin qalması üçün vasitəçilik ediblər.
Onların geosiyasi maraqları münaqişəli vəziyyətdən illərlə əziyyət çəkən milyondan artıq soydaşımızın iztirablarından üstün tutulub. Sonunda Azərbaycan bu ədalətsizliyə özü son qoymaq məcburiyyətində qalıb. Beynəlxalq hüququ, BMT qətnamələrini əsas tutaraq suverenliyini, ərazi bütövlüyünü bərpa edib.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri