Möhtərəm Prezident!
Biz Lerik şəhəri və Lerikin Vistən, Birkandul, Günəşli, Rəzəvul, Nüvədi, Soru, Noda və digər kəndlərinin sakinləri olmaqla yaşadığımız ərazinin əksər insanları adından Sizi ürəkdən salamlayır, Müstəqil Azərbaycanımızın çiçəklənməsi və onun vətəndaşlarının rifahı naminə həyata keçiridiyiniz siyasətinizi alqışlayır, bu böyük uğurların davamlı olacağına inanırıq. Haqlı olaraq bütün Azərbaycan və bütöv bir millət Sizinlə fəxr edir. Siz bu böyük və tükənməz sevgini, nadir istedadınızı ortaya qoymaqla milli-mənəvi dəyərlərə söykənərək Ulu Öndərimizin məsləhət və tövsiyələrinə ciddi əməl etməklə qazanmışsınız. Əminliklə bildiririk ki, uğurlu daxili və xarici sityasətiniz hesabına Müstəqil Azərbaycanın bütün problemləri öz müsbət həllini tapacaq, xalqımız daha zəngin, daha firəvan bir həyata qovuşacaqdır.
Möhtərəm Prezident!
Siz bütün fəaliyyətiniz boyu xalqın həmrəyliyinə, milli birliyə
üstünlük vermişsiniz. Ölkənin hər bir vətəndaşının prezidenti olaraq hər hansı
bir ayrıseçkilik təzahürünə qarşı amansızlıq nümayiş etdirmisiniz. Lakin ölkəmizin
qüdrətini zəiflətmək, xalqın monolit birliyini parçalamaq istəyində olanlardan
tamamilə qurtula bilməmişik. Hələ də regionçuluğa, etnik mənsubiyyətinə görə
münasibətə köklənmiş insanlar idarə və təşkilatlarımızda fəaliyyət göstərməkdədirlər.
90-cı illərin o gərgin ictimai-siyasi vəziyyəti hər dəfə yada düşəndə Xeyirlə-Şərin
qarşıdurması təsəvvür olunur. Bu tarixi mübarizədə xalqın böyük dəstəyinə güvənərək
öz dahiliyini ortaya qoyan və qələbə qazanan Ulu Öndər bütün həyatı boyu
regionçuluğa, buna doğru aparan hər cür neqativ hallara qarşı barışmaz
mövqeyini çox kəskin şəkildə bildirmişdir, azərbaycanlı olduğunu fəxrlə səsləndirmişdir.
Biz də azərbaycanlıyıq və bununla qürur duyuruq.
Çox böyük təəssüf hissi ilə Sizin nəzərinizə çatdırmaq istəyirik ki,
fərqli düşünənlər, mənfi düşüncələri ilə (xalqın) millətin dəyərli övladlarına
(neqativv hərəkətləri ilə) çətinlik yaradanlar rəhbər vəzifələr tutmağı
bacarmışlar. Bizim narahatçılığımız ziyalı bir ailənin üzvü, bütün varlığı ilə
Heydər Əliyevçi, uzun müddət Azərbaycan Dövlət Pedaqoji Universitetində nümunəvi
əməkdaş kimi fəaliyyət göstərərək kollektivin sevimlisinə çevrilmiş Hüseynov Vidadi Fərzəli oğluna qarşı
yönələn ədalətsiz münasibətlə bağlıdır.
Heç bir səbəb göstərilmədən, 07.02.2017-ci il tarixində başqa işə
keçiriləcəyini vəd verməklə ondan ərizə alan rektor Cəfər Cəfərov iki ildən
artıq bir müddət ərzində onu işsiz qoymuşdur. İki ildən çoxdur ki, işsiz qalan
Vidadi müəllimin ailə vəziyyəti olduqca ağırdır, 5 nəfər ailə üzvündən iki
övladı ali məktəb tələbəsidir, biri isə orta məktəbdə təhsil alır. Həyat
yoldaşı səhhətində olan problemlər səbəbindən işləmir.
Vidadi müəllim dəyərli bir
ziyalı olmaqla çox mənalı və məzmunlu bir həyat yolu keçmişdir. O, Azərbaycanımızın
qurtuluşu naminə Heydər Əliyevin hakimiyyətə gətirilməsi üçün aparılan mübarizəyə
həsr etdiyi illəri ömrünün ən məzmunlu, ən qiymətlu günləri kimi dəyərləndirir.
Biz özümüz də şahidik ki, o necə böyük çoşqu və məhəbbətlə Heydər Əliyevin təbliğatında
iştirak edirdi. Paytaxtımızda keçirilən bütün siyasi tədbirlərin fəalları
sırasında olmaqla Heydər Əliyevçi ziyalıların silahdaşı olmuşdur. Bu gün Cəfər Cəfərovun
rəhbərlik etdiyi vaxtında isə müqəddəs bir elm ocağı, bir məbəd kimi ad
qazanmış ADPU-dakı ictiami fəaliyyəti də həmişə diqqət çəkmiş və üstün qiymətləndirilmişdir.
Cənab Prezident!
Biz hamılıqla müdrik bir millətin övladlarıyıq. Bir kökdən törənənlərik.
Xalqımız bütün şərəfli tarixi boyu milli birliyə güvənərək yaşamış, başqa
xalqlara münasibətində də çox mehriban və səmimi olmuşdur. Bü gün ölkəmiz
multikulturalizmin nümunəsi kimi dünyada məşhurdur. Bütün bunlar millətimizin
tolerantlıq təfəkküründən qaynaqlansa da, Siz cənabların böyük əzmini, fədakar əməyini
qiymətləndirməmək ədalətsiz olardı. Biz də həmişə Sizinlə olmuşuq. Dövlətçiliyimizin
möhkəmlənməsi, millətimizin nüfuzunun dünya miqyasında artması naminə bütün
fikirlərinizi ürəkdən dəstəkləyənlərdənik. Siz Lerik rayonuna etdiyiniz səfərlər
zamanı bunu hiss etmişsiniz. Haqqında söz açdığımız ziyalı Hüseynov Vidadi Fərzəli
oğlu haqqında verdiyimiz məlumatlar tam dürüstdür. Heç bir səbəb göstərilmədən
işindən uzaqlaşdırılmış bir şəxsə qarşı münasibəti başqa çür qiymətləndirmək
mümkün deyil. Təhsil Nazirliyinin məlumatında vakant yer göstərilsə də, rektor
Cəfər Cəfərov güzəştə getmək istəmir. İsrarla bildirir ki, getsin Lerikdə işləsin.
Məhz bu səbəbdən Sizə müraciət etməyə qərar vermişik. Sizin böyüklüyünüzə,
Sizin ədalətinizə güvənərək bir ziyalı vətəndaşın pozulmuş hüquqlarının müdafiəsi
və Azərbaycan Dövlət Pedaqoji Universitetindəki qeyri-normal vəziyyətin obyektiv
şəkildə araşdırılması ilə bağlı göstəriş verməyinizi xahiş edirik.