Millimizin qapıçısı Türkiyədə ilk titulunu qazandı

Milli komandamızın qapıçısı Kamran Ağayevin formasını geyindiyi "Kayserispor” Türkiyə PTT 1-ci liqasında çempionluğu təmin edib.

 Apasport.az saytının məlumatına görə, bu gün səfərdə "Elazığspor”u məğlub edən komandanın sona 3 tur qalmış çempion olacağı dəqiqləşib.   Bu nəticə ilə xalını 66-a yüksəldən "sarı-qırmızılı”lar ən yaxın izləyicisi, 57 xala malik "Osmanlıspor”un  hər üç oyununu qazanması halında belə ilk sıradakı yerini itirməyəcək.   

Kayseri təmsilçisi bu nəticə ilə bir il aradan sonra yenidən Super liqaya, həm də çempion kimi qayıtdı.   Xatırladaq ki, milli futbolçumuz barmağından zədəli olduğu üçün son qarşılaşmalarda forma geyinə bilməyib.