Hicran Hüseynova seçicilərini qəbul edib

42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasında vətəndaşlarla növbəti qəbul keçirib.

Görüş zamanı vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onların qaldırdığı məsələləri ətraflı müzakirə edilib. Əsasən ailə-məişət problemləri, işlə təminat, əmək təqaüdləri və digər sosial məsələlərlə bağlı müraciətlər üstünlük təşkil edirdi. Bir sıra məsələlər yerindəcə həllini tapdı, digər müraciətlərin isə araşdırılması və qanunvericiliyə uyğun şəkildə həlli üçün müvafiq dövlət qurumlarına rəsmi sorğular ünvanlandı.

H.Hüseynova vurğulayıb ki, vətəndaşlarımızın rifahının yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi və qarşılaşdıqları çətinliklərin aradan qaldırılması daim fəaliyyətimizin əsas prioritet istiqamətlərindəndir. Seçicilərlə mütəmadi görüşlərin keçirilməsi, onların problemlərinin dinlənilməsi və həlli istiqamətində konkret addımların atılması bundan sonra da davam etdiriləcək.