"Daxili İşlər Nazirliyi, polis Azərbaycan dövlətçiliyinin keşiyində durub, bundan sonra da duracaqdır. Mən Azərbaycan Prezidenti kimi, Ali Baş Komandan kimi sizə etibar edirəm, sizə inanıram, sizə arxalanıram”.
Bunu vaxtilə mərhum prezidentimiz ulu öndər Heydər
Əliyev demişdi. O, polisi Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran
mübariz bir orqan adlandırmaqla əslində dövlətçiliyin formalaşması və möhkəmlənməsi
istiqamətində bu peşənin necə mühüm olduğunu demişdi.
Bəli, bu gün Azərbaycan
Respublikasının dinamik inkişafında polis orqanları fəal rol oynayırlar. Müstəqillik
illərində Azərbaycan polisinin qısa zaman kəsiyində şərəfli yol keçməsi və
qanun pozucularına qarşı barışmaz mübarizə aparması ulu öndərin polis
orqanlarının fəaliyyətinə belə yüksək qiymət verməsinə əsas yaratmışdı.
Ümummilli
liderimiz Heydər Əliyevin müstəqil, bölünməz və demokratik Azərbaycan uğrunda
başladığı mübarizə bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir. Qanunun aliliyinin təminatçısı olan dövlət başçısı və qanunların işləməsinə,
tətbiq olunmasına məsul olan hüquq-mühafizə orqanları da demokratiyanın bu
fundamental prinsipinin işlək vəziyyətdə olmasına daim nəzarət edirlər.
Ümumi nəzarət
mexanizmindən danışarkən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin
də fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Muxtar Respublikanın təhlükəsizlik
orqanlarının məsuliyyətni dərk etmək üçün onun yerləşdiyi coğrafi məkana nəzər
salmaq kifayətdir. Blokadada olan muxtar respublika mənfur qonşumuz olan Ermənistanla
böyük bir sərhəd zonasını bölüşür.
Odur ki,
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi öz məsuliyyətini dərindən
bilir və mövcud potensialını günbəgün gücləndirir. Təsadüfi deyil ki, bu gün Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla həyata
keçirilən siyasi strategiya muxtar respublikada dayanıqlı xarakter almış
ictimai-siyasi sabitlik, daxili işlər orqanlarının fəaliyyətinə əlverişli şərait
yaradıb, eyni zamanda, onların üzərinə ciddi məsuliyyət qoyub. Muxtar
respublika rəhbərliyi tərəfindən Daxili İşlər Nazirliyinin qarşısına qoyulan tələb
və tövsiyyələr əldə rəhbər tutularaq daim cinayətkarlıqla mübarizə, ictimai
qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində qanunvericiliklə
müəyyən edilmiş vəzifələr layiqincə yerinə yetirilib.
Son illərdə
Naxçıvanın daxili işlər orqanlarında uğurla həyata keçirilən islahatların və
struktur dəyişikliklərin əsas istiqamətlərindən biri məhz cinayətlərin
qarşısının vaxtında alınması, onları doğuran səbəblərin öyrənilib aradan
qaldırılmasıdır. Profilaktik işin ən effektli yollarından biri isə polisin əhali
ilə sıx təmasda və cəmiyyətin fəal təbəqəsi ilə birgə insanlara yardım göstərməsi,
məqsədyönlü və sistemli şəkildə maarifləndirmə tədbirləri keçirməsidir.
Xatırladaq ki,
ailə münaqişəsi zəminində baş verə biləcək cinayətlərin qarşısının vaxtında
alınması, profilaktikasının təmin edilməsi məqsədi ilə 22 iyun 2010-cu il
tarixdə "Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edilib. Qanunun əsas məqsədi ailə münasibətlərinin
qorunması ilə bərabər həm də, zorakılıqdan zərər çəkən şəxslərin sosial mühafizəsini
təmin etməkdir. Muxtar respublikada ailə-məişət zəminində törədilən cinayətlərin,
xüsüsən qəsdən adam öldürmə və ona cəhdlərin profilaktikası məqsədilə konfliktlərin
mövcud olduğu ailələrin vaxtında müəyyən edilib uçota götürülməsi hər zaman
diqqət mərkəzində saxlanılıb, münaqişəli ailələrdəki hüquqazidd əməllərin
qarşısının vaxtında alınması məqsədilə polis sahə inspektorlarının rolunun
artırılması üçün bir sıra tədbirlər həyata keçirilib.
Həyata keçirilən
profilaktiki tədbirlər zamanı həmin ailələrin yaxın qohumlarının, münaqişəyə
müsbət təsiretmə gücünə malik digər şəxslərin cəlb olunması işi təşkil olunubr.
Nəticədə 2019-cu ilin müvafiq dövrü ərzində Naxçıvan Muxtar Respublikasında ailə
məişət zəminində hər hansı hüquqpozma və cinayət hadisəsi qeydə alınmayıb.
Bütün bu
uğurlardan danışarkən Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri general
leytenant Fazil Ələkbərovun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Öncə onu deyək
ki, qısa müddət ərzində böyük uğur qazanmaq böyük təcrübə ilə mümkündür. Necə
ki, Fazil Ələkbərov artıq bu zəngin təcrübəyə yiyələnib. Belə ki, F.Ələkbərov 2006-cı
ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1990-1992-ci
illərdə Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1992-2010-cu
illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin ayrı-ayrı
struktur qurumlarında müxtəlif vəzifələrdə işləyib. 2010-2015-ci illərdə
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, 2015-2017-ci
illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifələrində
çalışıb. Nəhayət, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 2017-ci
25 avqust tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər
naziri vəzifəsinə təyin edilib.
Misilsiz xidmətləri
qarşılığında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 mart tarixli Sərəncamı
ilə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi,
2016-cı il 3 fevral tarixli Sərəncamı ilə general-mayor, 2018-ci il 29 iyun
tarixli Sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilib. Həmçinin,
F.Ələkbərov cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının
möhkəmləndirilməsində, ictimai asayişin təmin olunmasında, miqrasiya
orqanlarında qulluqda, milli təhlükəsizliyin təmin edilməsində xidməti vəzifələri
yerinə yetirərkən fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülüb. Bundan
başqa, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli Sərəncamı
ilə «Vətən Uğrunda» medalı, 2015-ci il 18 mart tarixli Sərəncamı ilə «Miqrasiya
orqanlarında qulluqda fərqlənməyə görə» medalı, 2017-ci il 27 mart tarixli Sərəncamı
ilə 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif olunub.
Fazil Ələkbərovun
dərin təcrübəsi imkan verir ki, o bunlarla öyünməsin. Əvəzində, boşluqları,
çatışmayan cəhətləri görüb qiymətləndirsin və gələcəkdə ən kiçik nöqsanlara belə
yol verilməsin. Elə ötən ay Naxçıvan Muxtar Respublikası Daxili İşlər
Nazirliyində Kollegiya iclasında onun səsləndirdiyi fikirlər də bariz nümunədir:
"Müvafiq dövr ərzində
əldə olunan nailiyyətlər olsa da, həyata keçirilmiş tədbirlər qənaətbəxş hesab
olunsa da, polis sahə inspektorları hadisələrə qarşı profilaktikanın müasir
metod və üsullarından geniş istifadə etməli, baş verə biləcək hadisələrin
qarşısının vaxtında alınması istiqamətində münaqişəli ailələrin uçota alınması
vəziyyəti mütəmadi təhlil edilməli, bu ailələrlə tez-tez görüşülməli, münaqişənin
səbəblərinin aradan qaldırılması istiqamətində onlarla profilaktiki söhbətlər
aparılmalıdır. Həmçinin gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının
alınmasında, qabaqlayıcı-profilaktik tədbirlərin həyata keçirilməsində və
münaqişəli ailələr arasında aparılan maarifləndirmə işlərində polis sahə
inspektorları ailələrin yaxın qohumları, digər nüfuzlu şəxslərin birgə fəaliyyətini
təşkil etməli, geniş maarifləndirmə tədbirləri aparmalıdırlar”.
Həmçinin nazir
qeyd edib ki, piyadaların vurulması ilə nəticələnən yol qəzalarının səbəb və şəraiti
təhlil edilərək düzgün nəticə çıxarılmalı, piyadaların yol hərəkəti intizamına
cəlb edilməsi üçün polisin qüvvə və vasitələrindən səmərəli istifadə
olunmalıdır. Dayanma-durma qaydalarına əməl etməyən nəqliyyat vasitəsi sürücülərinin
inzibati məsuliyyətə cəlb olunması sahəsində "Təhlükəsiz şəhər” videomüşahidə
kameralarının imkanlarından istifadə olunmalıdır. Xidməti fəaliyyətin günün tələbləri
səviyyəsində qurulması və təbliğat işləri davam etdirilməli, yol-nəqliyyat
hadisələrinin baş verməsinə şərait yaradan qayda pozuntularına qarşı barışmaz
mübarizə aparılmalı, qəza şəraitli yolların mütəmadi müayinəsi həyata keçirilməli,
korlanmış yol nişanlarının yenisi ilə əvəz olunması üçün Naxçıvan Muxtar
Respublikası Avtomobil Yolları Dövlət Agentliyi qarşısında vəsatət
qaldırılmalıdır. Nəqliyyat vasitələrini sərxoş vəziyyətdə və yüksək sürətlə
idarə edən sürücülərə qarşı mübarizə tədbirləri qətiyyətlə həyata keçirilməlidir.
Bəli, polislik
yeri gələndə yumşaq, yeri gələndə sərt olmaq deməkdir. Təbii ki, onun əsas
amalı ictimai təhlükəsizlik, vətəndaşların güvənliyi olmalıdır. Bu cür polislərimiz,
eləcə də onların təmsil olunduqları təhlükəsizlik orqanları var olduqca biz vətəndaşlar
da onlara inanacaq və arxalanacağıq.
Ədil Ədilzadə
Sabahinfo.az saytının baş redaktoru