Bosniya və Herseqovinada rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 13-də Sarayevo şəhərinin Musala meydanında rəsmi qarşılanma mərasimi keçirilməsi, ölkə başçısı İlham Əliyev və Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç ,Rəyasət Heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə ayrıca və eyni zamanda geniş tərkibdə görüşüləri iki ölkə arasında münasibətlərin inkişafının mühüm göstəricilərindəndir. Əlbəttə ki, rəsmi qarşılanma üçün seçilən şəhər rəmzi məna daşıyır. Belə ki, hələ 51 il əvvəl,1972-ci ildə Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanmış və o zamandan Sarayevo və Bakı qardaş şəhərlər sayılır.
Səfər çərçivəsində səsləndirilən fikirlər, verilən bəyanatlardan da məlumdur ki, görsün mahiyyətində həm ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri, həm də beynəlxalq məsələlər, beynəlxalq təhlükəsizlik məsələləri dayanır. Azərbaycan bütün ölkələrlə dostluq və humanizm prinsiplərinə, qarşılıqlı fayda verən maraqlara əsaslanan münasibətlər qurur. Və təcrübə göstərir ki, bu ən optimal və müasir dövr üçün ən düzgün yoldur. Azərbaycan çətin günün dostudur. Ölkəmiz 2014-cü ildə Bosniya və Herseqovinada baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasında, eləcə də COVID-19-a qarşı mübarizədə göstərdiyi maddi və humanitar dəstək göstərmiş, humanitar infrastruktur xarakterli bir sıra layihələrin həyata keçirmiş, o cümlədən gözdən əlil və ahıl insanlar üçün mərkəzlərin təmir etmişdir.
Ölkələr arasındakı əlaqələrə nəzər salsaq görərik ki, hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə bir-birini dəstəkləmiş və bu münasibət bu gün də davam edir. Ölkə başçısı İlham Əliyev də diqqəti bu məqama yöndəldərək, bildirdiyi kimi, “ Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir, buna görə biz Sizə minnətdarıq”. Əlbəttə ki, Azərbaycan da öz növbəsində bütün məsələlərdə, o cümlədən, Bosniya və Herseqovinanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı ilə bağlı birmənalı şəkildə Bosniya və Herseqovinanın maraqlarını dəstəkləmişdir.
Prezident İlham Əliyevin bu səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsinin başlamasını təsdiq edir. Rəsmi səfər çərçivəsində aparılan danışıqlar, keçirilən görüş və müzakirələrin əhatəliyi hər iki ölkə üçün yeni imkanlar açır. Azərbaycan və Bosniya və Herseqovinanın arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə gələcək inkişafımızın istiqamətlərini göstərir. İqtisadi istiqamətdə daha məqsədyönlü layihələrin həyata keçirilməsi, işlərin görülməsi üçün Birgə , Birgə İqtisadi Komissiyanın, eyni zamanda, konkret layihələr üzrə işçi qrupunun yaradılması qərarı qısa müddət ərzində bu istiqamətdə addımlar atılmasına səbəb olacaqdır.
Bu səfər həm də energetika sahəsində çox geniş imkanlar yaradır. Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya təbii qazımızı nəql edir. Kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir. Və artıq bu istiqamətdə də əməkdaşlıq perspektivləri öyrənilir. Göründüyü kimi Cənubi Qaz Dəhlizinin şaxələndirilməsi sahəsində müəyyən planlar var. Məlumdur ki, Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini başa çatdırıb, eyni zamanda, digər ölkələrdə nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı böyük sərmayə qoyur. Ona görə Cənubi Qafqaz və Balkan regionları arasında nəqliyyat bağlantısı bu bölgələridə yaşayan xalqlar üçün faydalı olacaqdır.
Həm Azərbaycan, həm də Bosniya və Herseqovina çoxkonfessiyalı ölkələrdir. Bizim ölkələrimizdə bir çox etnik qruplar yaşayır və bu etnik qrupların sülh, əmin-amanlıq, dostluq, qardaşlıq şəraitində yaşaması sabitlik üçün əsas şərtdir. Azərbaycan dünyaya “Bakı prosesi” kimi platforma təqdim etmişdir. Bu istiqamətdə təcrübə mübadiləsi, birgə fəaliyyət, o cümlədən elm, təhsil sahələrində, qeyri-hökumət təşkilatları çərçivəsində birgə əməkdaşlıq üçün çox gözəl imkanlar vardır.
Əlbəttə ki, digər mühüm məsələ hər iki ölkənin minalardan əziyyət çəkməsi, minalarla çirklənmiş ölkələr olmasıdır. Ölkələrimizin bu sahədə əməkdaşlığın və təcrübə mübadiləsinin aparılması da xüsusi əhəmiyyət kəsb edir.
Bütövlükdə qeyd etmək lazımdır ki, Azərbaycan və Bosniya və Herseqovina əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkə başçısı İlham Əliyevin siyasi məharəti, diplomatik bacarığı nəticəsində bu gün Azərbaycan təkcə Cənubi Qafqazda deyil, artıq dünyada nüfuz sahibidir.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri,
professor Hicran Hüseynova