2016-cı ildə Qətərdən Azərbaycana səyahət edən turistlərin sayı 5.5 dəfə artıb.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bunu nazir müavini Nazim Səmədov Ərəb İnsan Hüquqları Cəmiyyətinin prezidenti və Ərəb Gözdən Əlillər Federasiyasının sədri Xalid Ali Naemi ilə görüşündə bildirib.
N. Səmədov qeyd edib ki, Körfəz ölkələri ilə viza rejiminin sadələşdirilməsi, iki ölkə arasında hökumətlərarası müqavilələrin və birbaşa təyyarə reyslərinin mövcudluğu turist axınının daha da intensivləşdirilməsinə səbəb olub.
Görüş zamanı iki ölkənin turizm obyektlərində fiziki imkanları məhdud şəxslərin sərbəst fəaliyyəti üçün zəruri infrastrukturun yaradılması müzakirə olunub. N. Səmədov ölkəmizdə fəaliyyət göstərən turizm obyektlərində sözügedən şəxslər üçün müvafiq infrastrukturun yaradılmasına dair meyarların mövcudluğunu və "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi barədə” Dövlət Standartında əksini tapdığını qeyd edib.