"Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin əldə olunmasının əsas şərtlərindən biri də Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışının təmin edilməsidir. Qərbi azərbaycanlıların didərgin düşdükləri doğma yurdlarına dönüşü bölgədə dayanıqlı sülhün təminatçısı olmaqla bərabər, bölgə xalqları arasında qarşılıqlı etimad mühitinin formalaşdırılmasına, sıx inteqrasiyaya və əməkdaşlıq formatının yaranmasına öz ciddi töhfəsini verəcək".
Bunu sabiq deputat İltizam Yusifov deyib.
O, təəssüflə qeyd edib ki, Ermənistan tərəfi hələ də bölgədə dayanıqlı sülhün əldə olunmasında maraqlı olmadığını nümayiş etdirməkdədir: "Ermənistan sülhdə maraqlı olsaydı, o zaman bölgədə qarşılıqlı etimad mühitini formalaşdırmaq məqsədi ilə Qərbi Azərbaycan icmasının öz yurdlarına qayıdışında maraqlı tərəf kimi çıxış edərdi. Bu gün biz Ermənistanın sülhdə deyil, əksinə bölgədə yenidən vəziyyətin gərginləşdirilməsinə cəhd etdiyini müşahdiə edirik. Əgər belə olmasaydı, Ermənistan Avropadakı havadarlarının dəstəyi ilə sürətli silahlanma yolunu seçməzdi", -sabiq deputat qeyd edib.
İ.Yusifov əlavə edib ki, Ermənistanın Qərbi Azərbaycan məsələsində manipulyasiya etməyə çalışır, amma onların bu planları nəticə etibarı ilə iflasa məhkumdur: "Çünki Azərbaycan bölgədə dayanıqlı sülhün tərəfdarı olduğundan Qərbi azərbaycanlıların da öz yurdlarına qayıdışı beynəlxalq hüququn təməl prinsipidir. Burada digər mühüm məqam ondan ibarətdir ki, İkinci Qarabağ müharibəsindən sonra bu məsələ danışıqlar masasında müzakirə olunan mühüm məsələlərdən biridir. Burada Azərbaycan tərəfindən heç bir beynəlxalq hüququn, suverenliyin və ərazi bütövlüyünün pozulması, müstəqilliyin və unitar quruluşun pozulması yoxdur. Əksinə bu Ermənistan cəmiyyətinin daha da inkişafına, sıx inteqrasiya prosesinə ciddi töhfə verən amildir. Amma Ermənistan tərəfi havadarları ilə birlikdə bundan manipulyasiya edib məsələni beynəlxalq ictimaiyyətə fərqli formada çatdırıb, ictimai rəyi çaşdırmağa çalışırlar. Amma unudurlar ki, cənab Prezident İlham Əliyev öz uzaqgörən və çevik diplomatiyası ilə qarşıya qoyulan bütün hədəflərə nail olub və bundan sonra da olacaq. Qeyd edim ki, istər Ermənistanın, istərsə də onların havadarlarının bu planları da uğursuzluğa məhkumdur. Qərbi azərbaycanlılar nəhayətində öz doğma yurdlarına dönəcək, uzun illərdən bəri pozulan haqq-ədalət öz yerini tapacaq və bölgədə dayanıqlı sülh təmin olunacaq. Əgər "Böyük Qayıdış" posesi başlayıbsa, bu təkcə Qarabağ və Şərqi Zəngəzurla yekunlaşmayacaq. Bunun davamı Qərbi Azərbaycan icmasının öz yurdların dönüşü ilə başa çatacaq”.