Böyük Qayıdışın əhatə dairəsi genişlənir

İşğaldan azad olunan şəhər və rayonlarımızın bərpasını, yurd-yuvalarından zorla didərgin salınan qaçqın və məcburi köçkünlərimizin doğma ocaqlarına qayıtmasını özündə ehtiva edən Böyük Qayıdış konsepsiyasından irəli gələn məsələlər mərhələ-mərhələ öz həllini tapmaqdadır. Qayıdış karvanının ilk yolçuları Zəngilan rayonunun Ağalı kənd sakinləri oldu. Daha sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının digər rayonlarına köçlər başladı.
2024-cü ilin 24 mayında Ermənistanla razılıq əsasında Qazax rayonunun işğalda olan 7 kəndindən dördünün  Azərbaycana qaytarılması Böyük Qayıdış proqramının coğrafiyasını daha da genişləndirdi. Qeyd edək ki, Qazax rayonu 7 kəndi Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Bunlar Sofulu, Barxudarlı, Yuxarı Əskipara, Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrımlı kəndləridir.
Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə keçməsi razılaşdırıldı. Qərara alınırdı ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır. Bütün bu proseslər baş tutdu və Qazaxın 4 kəndi artıq Azərbaycana təhvil verilib.

32 ildən sonra işğaldan azad edilmiş dörd kəndin sakinləri böyük səbirsizliklə öz doğma yurdlarına geri dönməyi gözləyirlər. Onlar ümid edirlər ki, Böyük Qayıdış çərçivəsində Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinə - öz evlərinə qayıdacaqlar.
Qeyd edək ki, Qazaxın işğaldan azad olunan 4 kəndində minatəmizləmə prosesi və digər texniki məsələlər həll edildikdən sonra orada yenidənqurma və bərpa işləri həyata keçiriləcək, sakinlər qaçqın kimi məskunlaşdıqları məkanlardan öz doğma evlərinə qayıdacaqlar.
İşğaldan azad olunan bölgələrimizin abadlaşdırılması üçün bu günə kimi  kifayət qədər böyük vəsait ayrılıb. Bu günə qədər 18 milyard manata yaxın vəsait ayrılıb. Gələcəkdə qeyd olunan istiqamətlərə əlavə vəsaitlərin ayrılması da nəzərdə tutulur. 
İşğaldan azad olunan rayonlarımızın, kəndlərimizin iqtisadi potensialı, xüsusilə də, kənd təsərrüfatı imkanları yüksəkdir. Artıq bu günə kimi 100 min hektardan artıq sahə minalardan təmizlənmiş, əkinə yararlı vəziyyətə gətirilmişdir. Yaxın gələcəkdə daha 50 min hektardan çox sahənin əkin dövriyyəsinə daxil edilməsi nəzərdə tutulur. Həmin torpaqlarda buğda, arpa, qarğıdalı, noxud və digər kənd təsərrüfatı məhsulları yetişdirilir. Məhsuldarlığı yüksək olan bu torpaqlar bütünlükdə ölkəmizin iqtisadi imkanlarına müsbət təsir göstərəcək, işsizlik probleminin aradan qalxmasında mühüm rol oynayacaqdır. 
Bu ərazilər heyvandarlığın inkişafı üçün də güclü potensiala va. 100 minlərlə qoyun-quzu, mal-qara azad olunan ərazilərə buraxılıb. Əkin üçün münbit olan Qazaxın kəndləri də hazırda doğma sakinlərini gözləyir. İnanırıq ki, vətəndaşlarımız, iş adamları azad olunan ərazilərimizdən düzgün istifadə edərək, həm özləri fayda götürəcəklər, həm də dövlətimizə dəstək olacaqlar.  

 Nəzərə almaq lazımdır ki, Naxçıvanın Kərki kəndi də hələ də erməni işğalı altındadır. Azərbaycan işğal altında olan bütün kəndlərini, torpaqlarını geri qaytarmaqda israrlıdır. Üstəlik bizim Qərbi Zəngəzurdan, İrəvandan qovulmuş sakinlərimizin də qayıdışının təmin olunması aktualdır. Onların da qayıdışı təmin edilməlidir. 
Göründüyü kimi, Böyük Qayıdış konsepsiyası Şərqi Zəngəzur və Qarabağla məhdudlaşmır, onun hüdudları çox genişdir.  Bu konsepsiya qəti şəkildə yeni ərazi iddiaları kimi başa düşülməməlidir. Azərbaycanın tələbi, davası beynəlxalq hüquqa, insan haqları konvensiyalarına söykənir.

 

FUAD HÜSEYNZADƏ


Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan “Böyük Qayıdışa dair təşəbbüslər” layihə çərçivəsində çap olunur.