Tarixi şəxsiyyətlər xalqını dünyaya böyük sevgilərlə tanıdır, tanıda-tanıda ona ehtiramlar qazandırır.
Böyük tarixi şəxsiyyətlər tarixin axarını xalqının sabahlarına yönəldə bilir. Bu tarix xalqın tarixidir, dövlətçiliyin tarixidir, dövlətin tarixidir. Ona görə hər birimizin yaşatmalı olduğumuz tarixdir. Biz tarixi də yaşadırıq, tarix yaradanları da. Heydər Əliyev belə tarixi şəxsiyyətlərdən idi. Tarixi şəxsiyyətlərin hər kəlamı yaşarı kəlamdır, mahiyyəti xalqın sabahlarına düşən işıqdır. Heydər Əliyev deyirdi: “Milli mənsubiyyət hər bir insan üçün onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Bu qürur da tarixi qürurdur...
Ulu öndər Heydər Əliyevin gənclər siyasəti Sovetlər dönəmində Azərbaycana rəhbərliyi dövründə fəaliyyəti azərbaycanlı gənclərin milli qürurunun, milli heysiyyətinin mənəvi dəyərlər əsasında formalaşmasını təmin edirdi.
Böyük tarixi şxsiyyətin milli dövlətçiliyin ideya-siyasi əsasları Azərbaycana rəhbərlik etdiyi illərdə azərbycançılıq ideologiyasına söykənirdi. Sovetlər dönəmində müttəfiq respublikanı belə bir ideologiya əsasında idarə etmək böyük risk, güclü, dönməz məntiq, natiqlik qabiliyyəti və digər bu kimi dəyərlər tələb edirdi. Mərkəzin imperiyanın mənafelərinə sığışmayan tədbirlərə görə “niyə?”ləri güclü məntiq, güclü natiqlik qarşısında aciz olurdu. Ona görə də Azərbaycanın dinamik inkişafı digər müttəfiq respublikalardan fərqlənirdi.
Bakıda ittifaq miqyaslı sənaye müəssisələrinin yardılması respublikanın iqtisadi potensialının yüksəldilməsinə xidmət etməklə, minlərlə vətəndaşın iş yeri idi. Ozon zavodu, Məişət Kondisionerləri zavodu, Elektron Hesablama Maşınları zavodu, Radio zavod, ... həm də Azərbaycana həm ittifaq miqyasında, həm də beynəlxalq miqaysda nüfuz qazandırırdı – Bakı tanınırdı, Azərbaycan tanınırdı.
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan ədəbiyyatının, Azərbaycan incəsənətinin, Azərbaycan mədəniyyətinin böyük hamisi idi. İmperiya xislətinin repressiyasına məruz qalmış Hüseyn Cavid Uzaq Sibirdə - İrkutsk vilayəti Tayşet rayonunun Şevçenko kəndində dəfn edilmişdi. Böyük şairin nəşinin Azərbaycana gətirilməsi Azərbaycan ədəbiyyatına, azərbaycançılıq məfkurəsinə böyük sədaqətin təsdiqi kimi tarixləşdi.
Bakıda Nəriman Nərimanovun, Nəsiminin, Cəfər Cabbarlının, ...heykəllərinin qoyulması da bu amalın təzahürü idi.
Ulu Öndərin Azrbaycana sevgisinin dünyəvi, bəşəri zəmanəti böyük şair Səməd Vurğunun “Azərbaycan” şeirindən qədərsiz sevgilərlə dediyi misralardır:
Mən bir uşaq. Sən bir ana,
Odur ki bağlıyam sana.
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən...
Böyük tarixi şəxsiyyətin siyasətinin başlıca istiqamətləri Azərbaycanın sabahlarının bütün sahələrdə təmin edilməsini əhatələyirdi. O illərdə azərbaycanlı gənclərin hərbi xidməti ilə bağlı mövcud vəziyyəti nizami ordu quruculuğunun gələcəyinə istiqamətləndirmək məqsədi ilə onların sabiq SSRİ-nin ali hərbi məktəblərində təhsil alması, zabit kimi xidmət etməsi ideyasını gerçəkləşdirdirdi. Bununla bir sırada Bakıda ibtidai hərbi məktəbin açılmasına da nail oldu: Azərbaycançılıq ideologiyasının təntənəsi kimi böyük tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci il iyulun 20-də “İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında” Azərbaycan KP MK bürosu qərar qəbul etdi. Moskvanın ciddi etirazlarına baxmayaraq məktəb açıldı. Məktəbə Sovet İttifaqının güllələdiyi böyük sərkərdə diviziya komandiri Cəmşid Naxçıvanskinin adı verildi. Məktəb 1971-ci ilin noyabrında açıldı. Azərbaycan Kommunist Partiyasının birinci katibi Heydər Əliyev hərb tariximizdə müstəsna əhəmiyyəti olan məktəbin açılışında iştirak etdi. Bu məktəbin məzunlarından yüzlərlə zabit Birinci Qarabağ müharibəsində də, Vətən müharibəsində də rəşadətlə vuruşdu, onlarla məzun Azərbaycanın ali mükafatlarına layiq görüldü...
Ən böyük azərbaycanlı kimi tanınan və sevilən, "Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir" - deyən dahi şəxsiyyət Heydər Əliyev həm də Azərbaycan dilinin böyük hamisi idi. Əvvəlki Konstitusiyalardan fərqli olaarq Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında dövlət dili Azərbaycan dili qəbul edildi. Sovet İttifaqının siyasi təzyiqlərı dövründə belə bir cəsarət indi də heyrətləndirici səviyyədə qürur doğurur. Bu qürur azərbaycançılıq qürurudur...
Azərbaycanda milli azadlıq hərəkatının kükrəyişindən çəkinən imperiya görünməmiş cinayət törətdi. 1990-cı il yanvarın 19-u gecəsində Bakıda, daha bir neçə yerdə imperiya ordusu əhaliyə qarşı vəhşiliklər etdi. Faciənin səhərisi gün – yanvarın 21-də Moskvada yaşayan böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyi qarşısında çıxış edərək cinayəti törədənlərin cəzalandırılmasını təkid etdi. Bu, böyük risk idi. Ulu Öndər xalqımıza görə, Azərbaycanımıza görə bunu gerçəkləşdirdi...
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra dövlət idarəçiliyində yaranmış boşluq, səriştəsizlik respublikada baş qaldıran separatçılıq milli qarşıdurma yaratmışdı. Onda, 1993-cü ilin iyununda xalq ciddi təkid ilə böyük tarixi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Heydər Əliyevin Bakıya qayıdışı Qayıdış günü kimi tarixləşdi. Ulu Öndər vətəndaş qarşıdurmasını aradan qaldırdı, respublikada əmin-amanlıq təmin edildi.
Həmin dövrdə sərhədyanı rayonlarda torpağı milislər, əhali, yaradılan ərazi ozünümüdafiə taborları qoruyurdu. Vahid komandanlıq olmadığına görə belə müdafiə sistemi təsirli, yetərli olmurdu. Nəticə etibarilə rayonların müdafiəsində yaranan boşluqlar işğala şərait yaradırdı.
Ulu Öndər daxili sabitliyi təmin etdi, sərhədlərimizin etibarlı səviyyədə qorunması məqsədi ilə ərazi özünümüdafiə taborlarının buraxılması haqqında sərəncam imzaladı. Bununla da orduda vahid komandanlıq yaradıldı. Ordunun silahlandırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində ciddi, gərəkli tədbirlər həyata keçirildi. Bu, qısa müddətdə ordumuzun nizami ordu kimi formalaşma mərhələsi oldu.
1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Ümummilli lider Heydər Əliyev seçicilərin böyük əksəriyyətinin etimadını qazanaraq 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, Ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində ölkəmizdə ictimai-siyasi sabitliyin təmin edilməsinin başlanğıcı oldu, respublikanın sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı.
İstər ictimaiyyətin, istərsə də ordunun torpaqlarımızın işğaldan azad ediləcəyinə inamını yüksəltmək üçün hərbi əməliyyat keçirildi. Ali Baş Komandan Heydər Əliyevin sərkərdəliyi ilə 1994-cü il yanvarın 5-də başlayan Horadiz əməliyyatında ordumuz Füzuli rayonunun 20 Arazboyu kəndini, Horadiz qəsəbəsini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etdi. Bu qələbə sülh danışıqları baş tutmazsa, Azərbaycan ordusunun hərbi əməliyyatlarının, qazanacağı qələbələrin başlanğıcı kimi tarixləşdi. İctimaiyyət əmin oldu ki, belə bir qətiyyət torpaqlarımıızın işğaldan azad ediləcəyinin həm siyasi, həm də hərbi zəmanətidir...
Ulu Öndərin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan kimi ön xətdə, səngərlərdə hərbi qulluqçularla görüşləri, söhbətləri, onlara dəyərli tövsiyələri, hərbi xidmətdə fəqlənənləri təltif etməsi şəxsi heyətin mənəvi-psixolioji hazırlığını nəzərəçarpacaq dərəcədə yüksəldirdi. Bu yüksəliş ordu quruculuğunun mühüm tərkib hisslərindən biri oldu, ordumuz nizami ordu kimi formalaşdı, Cənubi Qafqazda ən güclü ordu oldu...
1994-cü il mayın 12-də cəbhədə atəşkəs razılaşmasından sonra dövlətçiliyin möhkəmləndirilməsi, nizami ordu quruculuğu, eləcə də sosial həyatının bütün sahələrində dinamik inkişafın təmin edilməsi baxımından zəruri tədbirlər həyata keçirildi. Reallaşdırılan ardıcıl və sistemli tədbirlərin nəticəsi kimi, ölkədə əmin-amanlıq, sabitlik yarandı, azad bazar iqtisadiyyatına keçidlə bağlı özəlləşdirməyə geniş şərait yaradıldı, geniş miqyaslı islahatlara başlandı. Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizlərinin açılması, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəql edilməsi layihələri həyata keçirildi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. “Əsrin müqaviləsi” kimi tarixləşən bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, Azərbaycanın dünya dövlətləri arasında həm siyasi, həm də iqtisadi mövqeyi möhkəmləndi.
1995-ci il noyabrın 12-də keçirilən referendumla müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası qəbul edildi. Zaman keçdikcə demokratik yolla prezident, parlament və bələdiyyə seçkiləri keçirildi. Qanunvericilik sahəsində aparılan hüquqi islahatlar nəticəsində şəxsiyyət azadlığına və toxunulmazlığına təminat yaradıldı. Siyasi plüralizm, söz və vicdan azadlığı üçün heç bir maneə qalmadı, mətbuatda senzura götürüldü. Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv edildi. Siyasi-iqtisadi və sosial-mədəni həyatın bütün sahələrində Avropa Şurasının tələbləri baxımından dəyişikliklərə əsaslı zəmin yaradıldı. Azərbaycan 2000-ci il yanvarın 25-də Avropa Şurasına üzvlüyə qəbul olundu.
Azərbaycanın iqtisadi siyasətinin nəticəsi olan Bakı-Tbilisi-Ceyhan boru xətti Azərbaycan neftinin Xəzər dənizindən Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli kəməri olan Bakı – Tbilisi – Ceyhan neft kəməri də Ulu Öndərin Azərbaycan üçün gördüyü böyük işlərdəndir...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev dəfələrlə demişdi ki, bütün varlığı ilə Vətəninə və xalqına qırılmaz tellərlə bağlıdır: “Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Azərbaycan Respublikası bundan sonra da onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir dövlətin əsarəti altına düşməyəcək”. Bu bağlılıq Azərbycana, onun sabahlarına sədaqət idi...
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi davamçısını yetişdirdi. Dahi rəhbər 2003-cü ilin oktyabrında xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu inam gerçəkləşdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərkərədəliyi ilə Vətən müharibəsi Zəfərlə başa çatdı, Ulu Öndərin arzuları gerçəkləşdi...
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev haqqında deyir: “Heydər Əliyev təkcə Azərbaycanda deyil, bütün türk dünyasında tanınan və sevilən liderdir”.
Müasir Azərbaycanın dövlətçilik memarı olan böyük tarixi şəxsiyyət Heydər Əlyevin irsi
“Mən azərbaycanlıyam!” deyənlərin hamısının ömüründən keçir. Belə ömürləri böyük tarixi şəxsiyyətlər yaşayır...
Səbinə XASAYEVA,
Milli Məclisin deputatı