Keçən il Prezident Administrasiyasına ünvanlanan şikayətlərin təhlili göstərib ki, bunlar əsasən biganəliyin, süründürməçiliyin nəticəsidir və vətəndaşların yerlərdə həll olunmalı problemlərinə laqeyd yanaşıldıqda, onlar, təbiidir ki, yuxarı dövlət orqanlarına, o cümlədən Prezident Administrasiyasına müraciət etməli olurlar.
Sabahinfo.az-ın məlumatına görə, bunu Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi mətbuatda dərc olunan "Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində yazıb.
Şöbə müdiri qeyd edib ki, ümumiyyətlə, 2017-ci illə müqayisədə 2018-ci ildə şikayətlərin sayı faiz etibarilə azalıb: "Bununla belə, araşdırma göstərir ki, hüquq mühafizə orqanlarının və məhkəmələrin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyəti, müalicə və dərmanlarla təminat, səhiyyə müəssisələrinin və tibbi personalın fəaliyyəti, şəhərsalma, çoxmərtəbəli binaların və kommersiya-istehsalat obyektlərinin tikintisi, söküntüsü və kompensasiyaların verilməsi, sığorta, aqrolizinq, yaşayış binalarının təmiri, qaz sayğaclarının quraşdırılması məsələləri üzrə şikayətlər üstünlük təşkil edib. Bu da həmin məsələlərin vətəndaşlar üçün çox aktual olmasından, bəzi hallarda isə onların əsassız şikayətlər etməsindən, yaxud öz hüquqlarını kifayət qədər dərindən bilməməsindən, hər vasitə ilə özünün haqlı olduğunu sübut etmək istəyindən irəli gəlir. Şəhər, rayon İHB aparatlarının fəaliyyəti, yerli hakimiyyət orqanlarında vətəndaşların qəbulu və müraciətlərə baxılması, fərdi evlərin tikintisi, kənd təsərrüfatı üçün torpaq sahələrinin ayrılması, subsidiyaların verilməsi, məhsulların emalı, saxlanılması və satışı, meliorasiya və su təsərrüfatı, orta təhsil, diplomların verilməsi və tanınması, bank əməliyyatları, kreditlərin verilməsi, rabitə və informasiya texnologiyaları, sosial yardım və müavinətlər, əmək mübahisələri, işdən çıxarılma, əməkhaqqı, işlə təmin olunma, qaz, istilik, enerji təchizatı, təhlükəsizlik və ictimai asayişin qorunması, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər üzrə şikayətlərin sayı azalıb”.
S. İsmayılov bildirib ki, 2017-ci illə müqayisədə şikayətlərin sayı Bakı şəhərinin Xəzər, Sabunçu rayonlarından, Mingəçevir, Naftalan, Ağcabədi, Ağdam, Ağstafa, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Gədəbəy, İmişli, Kürdəmir, Qobustan, Neftçala, Salyan, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan artıb : "Bununla yanaşı, Bakı şəhərinin Qaradağ, Nərimanov, Nizami, Pirallahı, Suraxanı, Yasamal rayonlarından, Naxçıvan Muxtar Respublikasının rayonlarından, Sumqayıt, Abşeron, Balakən, Biləsuvar, Daşkəsən, Göygöl, Xaçmaz, Xocalı, Qubadlı, Lerik, Saatlı, Sabirabad, Samux, Siyəzən, Tərtər, Tovuz, Ucar, Zərdab, digər şəhər və rayonlardan şikayətlərin sayı azalıb. Şəhər, rayon icra hakimiyyətlərinin, İHB nümayəndələrinin və bələdiyyələrin fəaliyyətinə dair müraciətlər həmişə böyük əhəmiyyət daşıyır və onların təhlili vətəndaşların öz yerli hakimiyyət orqanları ilə münasibətlərini əks etdirir. Bu mövzuda daha çox şikayət Bakı şəhərinin bəzi rayonlarından, həmçinin Lənkəran, Mingəçevir, Yevlax, Ağcabədi, Ağdaş, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Gədəbəy, Xızı, Kəlbəcər, Qazax, Qobustan, Laçın, Lerik, Masallı, Neftçala, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Şəmkir, Tovuz, Yardımlı, Zərdab, digər şəhər və rayonlardan daxil olub”.