Prezidenti güllələyən şəxs HƏBSDƏN çıxır - 35 il sonra

1981-ci ildə 40-cı ABŞ prezidenti Ronald Reyqana qarşı sui-qəsd cəhdi edən Con Hinkli 35 illik həbs həyatından sonra azadlığa buraxılır.

sabahinfo.az modern.az-a istinadən bildirir ki, uzun illər boyu psixiatrik xəstəxanada yatan Hinklinin 61 yaşı var. Onun öldürməyə cəhd etdiyi Ronald Reyqan isə 2004-cü ildə 93 yaşında vəfat etmişdi.

Con Hinklinin klinikadan çıxması onu müalicə edən həkimlərin müraciətindən sonra baş tutub. O, avqustun 5-də azadlığa çıxacaq və 90 yaşlı anası ilə birlikdə Virciniya ştatının Vilyamsburq şəhərində yaşayacaq.
 
Hinkliyə silah almaq, mətbuatla danışmaq, Reyqanın qohumları ilə ünsiyyət qurmaq və sosial şəbəkələrdə şəxsi səhifə açmaq qadağan olunub. O qarşıdakı 1 il ərzində psixoterapevti ziyarət edəcək və yalnız bundan sonra anasından ayrı yaşamağa icazə hüququ alacaq.
 
Ronald Reyqana sui-qəsd cəhdi 1981-ci il martın 30-da Vaşinqton şəhərində baş vermişdi. "Hilton" mehmanxanasının qarşısında çıxış edən zaman prezident Hinklinin silahlı hücumuna məruz qalmışdı. Onun tapançadan atdığı 6 güllədən 1-i Reyqanı sinəsənidən yaralamışdı. Prezidentin mətbuat xidmətinin rəhbəri Ceyms Breydi isə aldığı təsadüfi güllə yarasına görə, ömürlük əlil qalmışdı.
 
1982-ci ildə məhkəməsi keçirilən zaman Hinkli aktrisa Codi Fosterə vurğun olduğunu və onun diqqətini özünə cəlb etmək üçün sui-qəsdə getdiyini etiraf etmişdi.