Qobu qəsəbə 2 nömrəli tam orta məktəb 80 yaşını qeyd edib. Yubiley tədbirində Abşeron rayon İcra hakimiyyətinin məsul əməkdaşları, təhsil işçiləri, məktəbin məzunları ve pedeqoji kollektivi iştirak edib. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Əvvəlcə sözü gedən məktəbin direktoru Lətifə Emraslanova qonaqları salamlayaraq tədris ocağının tarixindən söz açıb. Bildirib ki, Qobu qəsəbə 2 №-li tam orta məktəbin təməli 1936 - cı ildə qoyulub. Sonralar məktəb yenilənib və zamanın tələbinə uyğun şəkildə qurulub. Məktəbdə hal – hazırda 602 şagirdin təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur. Məktəbin şagirdləri regionda və paytaxtda təşkil olunan müsabiqə və olimpiadalarda yüksək nailiyyətlər qazanıblar.
Direktorun çıxışından sonra məktəbin keçdiyi tarixi yoldan və bugünkü fəaliyyətindən bəhs edən video - çarx nümayiş olunub.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov çıxış edərək tədris ocağının 80 ilik yubileyi münasibəti ilə məktəb kollektivini və iştirakçıları təbrik edib . F.Cəbrayılov Qobu 2 nömrəli tam orta məktəbdə eləcədə Abşeron rayonunda təhsilin inkişafı istiqamətində əldə olunan uğurlardan və həyata keçirilən layihələrdən geniş bəhs edib və hazırda respublikamızda şagirdlərin təhsil almaları üçün dövlət tərəfindən hər bir şəraitin yaradıldığını bildirib.
Sonra məktəbin 80 illik yubileyinə rayon İcra Hakimiyyəti adından xatirə hədiyyəsi təqdim olunub.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Kamran Rzayev, rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, əməkdar müəllim Təyyübə Hüseynova və digər natiqlər çıxış edərək məktəbi 80 yaşı münasibəti ilə ürəkdən təbrik ediblər.
Sonda şagirdlərin ,eləcə də əslən Qobudan olan ölkəmizin tanınmış muğənnilərinin ifasında mahnılar səsləndirilib.
Şamo Əliyev