BRICS-in ölkəmizin çoxtərəfli siyasətində rolu və gələcək perspektivlər  

BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) beynəlxalq arenada yeni bir güc mərkəzi kimi ortaya çıxmış və qlobal siyasət və getdikcə iqtisadiyyatda əhəmiyyətli rol oynayan bir təşkilata çevrilmişdir. 2006-cı ildə yaradılan BRICS, ilk olaraq iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyan bir platforma idi. Zamanla təşkilatın təsir dairəsi genişləndi və 2023-cü ilə qədər üzvlük sayını artıraraq hazırda 9 ölkədən ibarət bir geosiyasi blok oldu. 2023-cü ildə keçirilən BRICS Sammiti təşkilatın qlobal siyasətdəki əhəmiyyətini bir daha təsdiqlədi. Sammitdə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri iştirak etməsi, 22 dövlət başçısının təmsil olunması isə tədbirin yüksək səviyyədə təşkil olunduğunu və beynəlxalq aləmdə BRICS-in artan nüfuzunu göstərdi. Tədbirdə BMT Baş katibi Antonio Quterreşin də iştirakı BRICS-in təkcə iqtisadi deyil, həm də beynəlxalq siyasətdə aktiv rol oynadığını vurğuladı. 2009-cu ildən etibarən BRICS, hər il rəsmi sammitlər təşkil edərək üzv ölkələr arasında çoxtərəfli siyasətləri əlaqələndirir. Təşkilat, dünyanın əksər ölkələrinə təsir edən qlobal problemləri müzakirə edir və qlobal idarəetmənin təkmilləşdirilməsinə töhfə verir. BRICS həmçinin, qlobal siyasətin bir neçə dövlətin nəzarətində inhisarlaşdırılmasının qarşısını alır. BRICS-in qlobal miqyasda əhəmiyyətinin artmasının digər səbəbi onun iqtisadi gücüdür. Təşkilat, dünya əhalisinin təxminən yarısını və qlobal iqtisadiyyatın dörddə birindən çoxunu əhatə edən nəhəng bir iqtisadi mərkəzə çevrilmişdir. Bu göstəricilər, BRICS ölkələrinin dünya ticarətində və iqtisadiyyatda mühüm rol oynadığını sübut edir və təşkilata üzv ölkələr arasında əməkdaşlığın dərinləşməsinə imkan yaradır. BRICS ölkələri beynəlxalq hüquq, ərazi bütövlüyü və suverenliyə hörmət prinsiplərinə sadiq olduqlarını bəyan edir və bir-birinin daxili işlərinə qarışmamağı əsas prioritet kimi qəbul edirlər. Bu yanaşma dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasına xidmət edir. BRICS-in əsas məqsədlərindən biri də dünya siyasətini daha inklüziv etməkdir. Bu prinsiplər əsasında BRICS ölkələri, qlobal siyasət və iqtisadiyyat üzərində bir neçə dövlətin inhisarına qarşı çıxır və müxtəlif ölkələr arasında tarazlıq yaratmağa çalışır. Təşkilat, inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etməklə yanaşı, davamlı inkişaf və sülhə əsaslanan beynəlxalq nizamın qurulmasına dəstək verir. Azərbaycan çoxtərəfli diplomatiya prinsipinə sadiq qalaraq, beynəlxalq əməkdaşlıqda fəal iştirak edir. BRİCS platforması ilə əməkdaşlıq, Azərbaycanın qlobal miqyasda təsirini gücləndirmək və müxtəlif qütblər arasında balanslaşdırılmış əlaqələr qurmaq siyasətinin bir hissəsi kimi qiymətləndirilə bilər. Azərbaycanın Qoşulmama Hərəkatına (QH) uğurlu sədrliyi, ölkənin beynəlxalq arenada müstəqil və aktiv rolunu bir daha nümayiş etdirdi. QH üzvləri arasında balanslı siyasət aparmaqla Azərbaycan həm inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etmiş, həm də böyük güclərlə əməkdaşlıq əlaqələrini qorumağa nail olmuşdur. Sədrliyimizin bitməsinə baxmayaraq, Azərbaycan hələ də bu təşkilatda fəal və səmərəli fəaliyyət göstərməkdə davam edir. Azərbaycan, həmçinin, COP29-a sədrlik edən ölkə kimi qlobal iqlim gündəminin formalaşmasında fəal iştirak edir. Burada məqsəd, Qlobal Cənub və Qlobal Şimal arasında dialoq yaratmaq və qarşılıqlı əməkdaşlığı təşviq etməkdir. İqlim dəyişikliyi məsələləri üzrə aparılan danışıqlar, Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda da təsirli rol oynadığını göstərir. İqlim diplomatiyası çərçivəsində Azərbaycanın enerji keçidi və davamlı inkişaf strategiyaları diqqət mərkəzindədir. Bu kontekstdə Azərbaycan, həm də BRİCS ölkələri ilə dialoqu genişləndirməyi və əməkdaşlıq imkanlarını araşdırmağı hədəfləyir. BRİCS ilə əməkdaşlıq, ölkənin ticarət, investisiya və enerji sektorlarında yeni imkanlar əldə etməsinə şərait yarada bilər. Bu platforma ilə əməkdaşlıq, Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirməklə yanaşı, qlobal iqtisadi inteqrasiyanı da dəstəkləyir. Azərbaycanın şaxələndirilmiş diplomatik fəaliyyəti göstərir ki, ölkə yalnız regional layihələrlə kifayətlənməyərək, beynəlxalq arenada fərqli güc mərkəzləri arasında tarazlıq yaratmağa çalışır. BRICS-in yaranması və inkişafı beynəlxalq arenada yeni bir güc mərkəzinin formalaşmasını təcəssüm etdirir. BRICS-in gələcəkdə də beynəlxalq arenada vacib rol oynayacağı, təşkilatın coğrafiyasının yaxın gələcəkdə daha da genişlənəcəyi və kollektiv Qərbə rəqib olacağı gözlənilir.

Pərvanə Vəliyeva
Milli Məclisin deputatı