Rüstəm Orucov və Orxan Səfərov Rioda mükafatlandırıldı - FOTO

Rioda Atletlər kəndində keçirilən tədbirdə Azərbaycan Olimpiya seçməsinin üzvləri Rüstəm Orucov və Orxan Səfərov mükafatlandırılıb. 

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın oxu.az saytına verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinin qərargahındakı mərasimdə Rio-2016 Olimpiyadasında ilk "8-lik”də yer alan idmançılarımıza mükafatlar təqdim olunub.

İdmançılar, məşqçilər və rəsmi nümayəndələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Azərbaycan nümayəndə heyətinin rəhbəri İlham Mədətovhər kəsi salamlayıb. Rüstəm Orucova Olimpiyadada xalqımıza ilk medal sevincini yaşatdığı üçün təşəkkürünü bildirən İ.Mədətov bu uğurun digər idmançılarımıza stimul olduğunu söyləyib.

Ardınca Rüstəm Orucov və Orxan Səfərov Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Rio-2016 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Karlos Nuzmanın imzaladığı sertifikatla təltif edilib.

Sonda isə Orxan Səfərovun ad günü qeyd olunub.