Şoumen Kamran Həsənli həbs edilə bilər

Şoumen Kamran Həsənli müğənni Samir Piriyevə qarşı etdiyi dələduzluğa görə, həbs edilə bilər. sabahinfo.az saytı xəbər verir ki, bu barədə a24.az-a müğənninin vəkili Ruslan Əhmədoğlu açıqlama verib. Vəkil bildirib ki, bütün materiallar toplanıb məhkəməyə göndərilənə qədər görülməli olan tədbir K.Həsənli barəsində həbs qətimkan tədbirinin seçilməsi olmalıdır. Yəqin ki, Kamran Həsənli barəsində ilkin olaraq 3 ay həbs qətimkan tədbiri seçilsə, qalan məsələlər məhkəmə müddətində həll ediləcək.

 

"Onu da deyim ki, məhkəmə dövrünə qədər onun həbsi baş verməyə də bilər. Bu istintaqçıların səlahiyyətində olan məsələdir. Ancaq praktikada Samir Piriyevə, şahidlərə olan təzyiqlər, sübutların saxtalaşdırılması nəzərə alınaraq onun barəsində həbs qətimkan tədbiri seçilməlidir".

 

Vəkil bildirib ki, istintaq gedişatında şoumenin ilk gündən bu günə qədər verdiyi müsahibələrin hamısının yalan olduğu, Kamran Həsənlinin Samir Piriyevin pulunu aparıb Türkiyədəki şirkətə vermədiyi, hətta onun özünün də həmin şirkətə yatırım etmədiyi, şirkətin səhmdarı olmadığı, Türkiyədəki şirkətlə bağlı verdiyi açıqlamalara elə Türkiyədən mənfi cavab gəldiyi, Samir Piriyevin ona verdiyi məbləğin heç ölkədən çıxmadığı sübut edib.

 

Ruslan Əhmədoğlu onu da qeyd edib ki, Kamran Həsənli hansısa qüvvələrin köməkliyi nəticəsində istintaqı ləngidə bilib, ancaq dayandıra bilməyib.

 

"Artıq istintaqa və hər kəsə Samir Piriyevə qarşı dələduzluq edildiyi faktı sübut edilib. Ancaq Kamran Həsənli istintaqa həmin şirkətin səhmdarı olduğunu sübut edə bilmədi".

 

Şoumen Kamran Həsənlinin müğənni Samir Piriyevdən pul alaraq geri qaytamadığına görə, barəsində Cinayət Məcəlləsinin (CM) 178-ci maddəsi (dələduzluq) ilə cinayət işi açılıb. Hazırda Bakı Şəhər Baş Polis İdarəsinin istintaq idarəsində araşdırma aparılır.

 

Qeyd edək ki, Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək Kamran Həsənlinin ona qarşı dələduzluq etdiyini bildirib.