Toğrul Əsgərov meyvəyə görə yarışlardan kənarlaşdırıldı - Yenilənib

Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov heç bir dopinq preparatından istifadə etməyib.

Sabahinfo.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayev deyib. Onun sözlərinə görə, T.Əsgərov yanvar ayında Hindistanda keçirilən 2-ci Peşəkar Güləş Liqasında iştirak edərkən orada ekzotik meyvələrdən yeyib.

"Həmin meyvənin tərkibində isə bu ildən Ümumdünya Antidopinq Agentliyi tərəfindən qadağan olunan higenamin maddəsi var. Yoxlama zamanı Toğrulun orqanizmində qara siyahıya düşmüş maddə tapılıb. Lakin özü bildirib ki, orada olarkən hər hansı başqa maddə və ya tibbi preparat istifadə etməyib. Həmin maddə Cənub Asiya ölkələrində bitən ekzotik meyvələrin tərkibində olur. O da bilməyərəkdən həmin meyvəni yeyib”.

M.Musayev bildirib ki, Federasiya bunu Antidopinq Agentliyinə yazışmalarla sübut edib: "Biz bildirdik ki, bilməyərəkdən meyvəni istifadə etdiyi üçün orqanizmindən həmin maddə tapılıb və heç bir dərmandan istifadə etməyib. Nəticədə Agentlik Toğrulu ən minimal həddə cəzalandırıb və bir il müddətinə bütün oyunlardan kənarlaşdırıb”.

Qeyd edək ki, siyahıya Azərbaycanın daha 3 güləşçisi də düşüb. Yeniyetmələr arasında dünya çempionatında orqanizmindən furosemid aşkarlanan Fail İsgəndərov 2 il - 9 noyabr 2018-ci ilədək, gənclər arasında dünya çempionatında stanozolol metabolites tapılan Zubair Dibilov 4 oktyabr 2020-ci ilədək, 2015-ci il yeniyetmələrin Avropa çempionatında dopinq-testdən imtina edən Turxan Qurbanov 27 avqust 2019-cu ilədək bütün yarışlardan kənarda qalacaq.

T. Əsgərov "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək güləşçilər arasında yer almayacaq.

Xatırladaq ki, Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərov bir il müddətinə bütün yarışlardan kənarlaşdırılması barədə ilk xəbəri "Report" agentliyi yayıb.