Türkiyə zabiti ABŞ-dan sığınacaq istədi

ABŞ-ın Virciniya ştatında NATO birləşməsində xidmət çəkən Türkiyə ordusunun zabiti hərbi çevrilişə cəhdin araşdırılması ilə əlaqədar geri çağırıldıqdan sonra ABŞ-dan sığınacaq istəyib.

 

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu "Röyters” agentliyinə amerikalı məmurlar bildirib.  Agentlik türkiyəli hərbçinin ABŞ-dan sığınacaq istəməsinin tarixdə ilk hal olduğunu qeyd edir. Mənbənin məlumatına görə, türkiyəli zabit NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin transformasiyası üzrə komandanlığının Norfolk şəhərində yerləşən mənzil qərargahında xidmət çəkib. Hərbçinin kimliyi və rütbəsi açıqlanmır.

 

Türkiyənin Vaşinqtondakı səfirliyinin nümayəndəsi bildirib ki, Türkiyə məhkəməsi iyulun 22-də kontr-admiral Mustafa Uğurlu  həbsinə dair order verdikdən sonra həmin hərbçidən heç bir məlumat daxil olmayıb.    

 

"Mustafa Uğurlu  iyulun 22-də medallarını və şəxsiyyət vəsiqəsini bazada qoyaraq yoxa çıxıb. Bundan sonra ondan heç bir xəbər olmayıb”, - deyə mənbə bildirib.

 

Türkiyəli məmur ABŞ-da xidmət çəkən daha iki türkiyəli zabitin geri çağırıldığını bildirib.