Türkiyədə kriminal aləmin generalları çox saydadır. Onların bəziləri həbsxanada, bəziləri ticarətçi qismində öz fəaliyyətindədirlər.
Hazırda qardaş ölkənin kriminal dünyasında aktiv şəkildə özünü göstərən ən güclü mafiya başçılarından biri isə Sədat Pəkərdir.Bakupost.az Türkiyə hökuməti ilə də yaxşı münasibətləri olan Sədat Pəkərin dosyesini təqdim edir.
Sedat Pekər kimdir?
Sedat Pekər 1971-ci ildə Sakaryada anadan olub. Əslən Rizəli olan ailə bir müddət sonra Almaniyaya köç edib. Orada çox yaşamayan ailə yenidən Türkiyəyə qayıdıb və İstanbula yerləşib.
Uşaqlıqdan həmyaşıdlarından xeyli fərqlənən Sedat Pəkərə "rəis” təxəllüsü qoyulub. O, məhəllədə, sinif yoldaşları arasında "rəis” deyə çağırılıb.
S.Pəkər ilk dəfə 18 yaşında həbs edilib. Belə ki, dostunun narkotik maddə təsirindən öldüyünü eşidən Sedat Pekər Kadıköy adlanan ərazidə satış həyata keçirən "bariqa”lara qarşı hücum təşkil edib və onları vəhşicəsinə döyüb.
Bu zaman o, polis tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib. Həbsxanadan azad olunmasına 4 gün qalmış isə yenidən cinayət törədib.
Belə ki, dustaqlardan birinin arvadını gecə klubunda işləməyə məcbur etdiyini eşidən Pəkər onu şişləyib.
"Rəis” artıq 20 yaşında cinayət aləmində adını eşitdirməyə başlayıb.
1990-cı illərdə Bülənt Kılıçla birlikdə cinayətkar birləşmələrdə iştirak edib. 1997-ci ildə Rizədə qaçaqmalçı Abdullah Topçunu öldürməkdə təqsirli bilinib. Məhkəmə dövründə iki adamı ilə müttəhim kürsüsündə oturan Pəkər azadlığa çıxıb. İki adamı isə ömürlük azadlıqdan məhrum edilib.
Sedat Pəkər barəsində 1998-ci ildə silahlı birləşmə yaratma, hədə-qorxu ilə pul tələb etmə, qanunsuz azadlıqdan məhrum etmə və s. maddələri ilə cinayət işi açılıb.
Lakin həmin vaxt o, Türkiyədən qaçmağı bacarıb. Hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib. Həmin il avqust ayında Pəkər Rumıniyada tutulub, Türkiyə təhvil verilib.
Prokurorluq tərəfindən Pekər və silahdaşlarına 7 il 6 ay həbs cəzası istənilib. Lakin mafiya lideri 8 ay 29 gün həbsdə saxlanıla bilib.
1999-cu il mayın 24-də Sedat Pəkər yenidən azadlığa çıxıb.
2005-ci ildə Türkiyə keçirilən "Kəpənək” əməliyyatı zamanı Sedat Pekər təkrar həbs edilib.
Qaçaqmalçılıq və silahlı birləşmə qurmaqda ittiham edilən mafiya başçısı 14 il 5 ay 10 gün müddətə azadlıqdan məhrum edilib.
Həbsdə olduğu zaman "Ərgənəkon işi”nə cəlb edilib. Ona terror təşkilatı qurmaq ittihamı verilib. Həmin iş üzrə isə Pəkərə 10 il cəza kəsilib.
Üst-üstə cəzaları 25 ili keçən Sedak Pekər cəmi 5 il həbsdə qaldıqdan sonra azadlığa çıxmağı bacarıb.
"Rəis ləqəbli mafioz türk millətçisi (Turançı) olduğunu açıq-aydın elan edib. Türkiyə prezidenti Ərdoğanla münasibətləri yaxşıdır. Hətta seçki vaxtı Sədat Pəkər mitinqlərdə çıxış edir, xalqı AKP-yə səs verməyə çağırır.
Sədat Pəkərlə Türkiyə mafiya lideri – uzun illərdir həbsdə olan və "sonuncu rəis” kimi tanınan Ələddin Çakıcının münasibətləri heç də yaxşı deyil.
Ələddin Çakıcı Sedat Pəkəri mafiya başçısı kimi qəbul etmir. Lakin "Ərgənəkon işi” üzrə Sedat Pəkərin əleyhinə Ələddin Çakıcıdan ifadə almaq istəsələr də, "sonuncu rəis” bunu etməyib.
"Lotu Quli"nin dostu
Sedat Pəkərin azərbaycanlı qanuni oğru, "Lotu Quli” kimi tanınan Nadir Səlifovla yaxın münasibəti var. Təsadüfü deyil ki, "Lotu Quli” həbsdən azad olunub, İstanbula köç edən zaman Sedat Pəkər onu ziyarətə gələrək görüşüb.