Bu, Azərbaycanın iddialı planlarını reallaşdırmağa imkan verəcək

“Azərbaycanın enerji strategiyasında yeni bir mərhələyə qədəm qoyduğundan onun tələbələrinə uyğun siyasətini həyata keçirməkdədir.Yeni enerji strategiyasının hədəfi Cənub Qaz Dəhlizinin imkanlarını genişləndirib Azərbaycan qazının daha çox Avropa ölkəsinə çatdırmaqdır. İkinci əsas hədəf isə Azərbaycan “yaşıl enerji” sahəsində də Avropanın enerjiyə olan tələbatını etibarlı şəkildə təmin edilməsinə öz töhfəsini vermək istəyir”.

 Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

 Onun sözlərinə görə, bu baxımdan Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları çox ciddi tarixi əhəmiyyət kəsb edən toplantıdır.

Deputat hesab edir ki, bu toplantı həm Cənub Qaz Dəhlizinin imkanlarınının genişləndirilməsi nəticəsində Azərbaycan qazının daha çox Avropa ölkəsinə çatdıırlmasında, həm də “yaşıl enerji” sahəsində nəzərdə tutulan layihələrin icrasına öz ciddi töhfəsini verəcək: “Bütün bu məsələlər “Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı və inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerji layihələri və yaşıl enerji dəhlizləri” üzrə keçirilən plenar sessiyalarda geniş şəkildə müzakirə edilib və gələcək addımlarla bağlı razılığa gəlinib. Nazirlər sessiyasında çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, təbii qaz uzun müddət enerji balansının mərkəzi komponenti olaraq dayanıqlı enerji təhlükəsizliyi üçün davamlı investisiyaları zəruri edəcək və bu gün qazla bağlı məhdudiyyətlərin aradan qaldırılması sabah Avropanın enerji müstəqilliyi üçün həyati əhəmiyyət daşıyır. Nazirin də qeyd editiyi kimi, Azərbaycan, Avropa İttifaqı, enerji şirkətləri, regional maraqlı tərəflər və maliyyə institutları arasında koordinasiyalı və güclü əməkdaşlıqla Cənubi Qaz Dəhlizinin uğurunu yeni bir mərhələyə yüksəltmək mümkündür. Çünki enerji təhlükəsizliyi üçün diversifikasiyanın alternativi yoxdur. Bu gün 12 ölkəni təchiz edən Azərbaycan qazı və Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti məhz belə bir siyasətə əsaslanır. Azərbaycan və Avropa alıcıları arasında uzunmüddətli qaz müqavilələri, Aİ-nin təminatları və maliyyə dəstəyi, Cənubi Qaz Dəhlizinin uğurla genişləndirilməsinin əsas amilləridir və bu, nəticə etibarilə Avropanın daha dayanıqlı enerji təhlükəsizliyini təmin edəcək”.

Deputat əlavə edib ki, Azərbaycanın alternativ enerji sahəsində də çox ciddi planları var və cənab Prezident İlham Əliyev bu istiqamətdə yürüdülən siyasət barədə toplantı iştirakçılarına məlumat verib. Dövlət başçısı qeyd edib ki, Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. “Bundan əlavə olaraq Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq”, - cənab Prezident qeyd edib.

Ümumiyyətlə Azərbaycanın alternativ enerji ilə bağlı çox böyük iddialı planları mövcuddur. Azərbaycan bu məqsədlə Qlobal Şimalla Qlobal Cənub arasında bir körpü rolunu oynamaq niyyətindədir. Bu çərçivədə neft-qaz sahəsində olduğu kimi, alternativ enerji sahəsində də Xəzər hövzəsi, Mərkəzi Asiya bölgəsi ilə Avropa arasında meqa layihələri həyata keçirməyi planlaşdırır. Azərbaycan Xəzər dənizindəki külək elektrik stansiyalarından və Mərkəzi Asiyadan Avropaya böyük həcmdə yaşıl enerji tədarükünə yönəlmiş “Xəzər-Qara dəniz-Avropa”, “Mərkəzi Asiya-Azərbaycan”, “Azərbaycan-Türkiyə Yaşıl Enerji Dəhlizi” kimi meqa layihələri mövcuddur. Əminəm ki, cənab Prezident İlham Əliyevin uzaqgörən, müdrik, qətiyyətli və cəsarətli siaysəti nəticəsində indiyədək həyata keçirilən digər meqa layihələr kimi, bu iddialı layihələr də uğurla icra olunacaq.

Artıq toplantı çərçivəsində “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Adıçəkilən sənəd enerji təhlükəsizliyinin təmin olunmasında regionlararası yaşıl enerji infrastrukturunun qurulmasında, həmçinin Azərbaycanın zəngin bərpa olunan enerji resurslarının nəqli sahəsində geniş əməkdaşlıq imkanları yaradacaq.Bu da Azərbaycanın zəngin “yaşıl enerji” potensialı, iddialı layihələri, enerji ixracı infrastrukturunun yaradılması və ölkələrimiz arasında enerji təchizatı üzrə əməkdaşlıq təcrübəsi bu dördtərəfli təşəbbüsün gələcək uğuru üçün möhkəm təməl yaradır. Bu sənəd regional enerji təhlükəsizliyinə, həm də regional əməkdaşlığın dərinləşməsinə yeni töhfə verəcək. Ümumiyyətlə, istər Cənub Qaz Dəhlizinin genişləndirilməsi, istərsə də “yaşıl enerji” layihələri region üçün etibarlı, proqnozlaşdırıla bilən və rəqabətədavamlı enerji təchizatını təmin etmək baxımından mühüm addımdır. Bu eyni zamanda Avropa bazarları arasında sabit və strateji bağlantını təmin edən həyati əhəmiyyətli enerji marşrutudur. Yeni reallıqda etibarlı tərəfdaşlar əsas rol oynayır və Azərbaycan məhz belə bir tərəfdaş olduğunu sübut edib. Şaxələndirilmiş enerji sahəsindəki əməkdaşlıq nəticə etibarı ilə bütövlükdə bu coğrafiyada dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin, o cümlədən digər sahələrdə də sıx əməkdaşlıq formatlarının yaranması ilə nəticələnəcək. Cənab Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü uğurlu siyasət isə Azərbaycanın qarşısındakı hədəflərə nail olub, güclü, qüdrətli dövlətə çevrilib, əhalisinin sosial rifah ahlında yaşayan, beynəlxalq aləmdə daha nüfuzlu bir ölkəyə çevrilməsinə gətirib çıxaracaq”.