Bu günədək yalnız Şuşaya QHT-lərin 800-dən artıq nümayəndəsinin səfəri təşkil edilib.
Bunu Trend-ə açıqlamasında Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev deyib.
Vüsal Quliyev bildirib ki, QHT-lərin işğaldan azad olunmuş ərazilərə səfərləri mütəmadi əsasda təşkil edilir.
Onlar səfər etdikləri ərazilərdə işğalın ağır nəticələri, Azərbaycan xalqının maddi-mədəni və tarixi irsinə qarşı törədilmiş soyqırım fəaliyyəti nəticəsində dağıdılmış yaşayış məskənləri və mədəni-tarixi nümunələrlə tanış olurlar. Eyni zamanda səfər iştirakçıları Şuşada və yol boyunca işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma və geniş miqyaslı tikinti işlərinin həcmini və sürətini izləyə bilirlər", - deyə o əlavə edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq 2022-ci ili Azərbaycan Respublikasında "Şuşa İli" elan etməsini xüsusi vurğulayan Vüsal Quliyev ayrı-ayrı qeyri-hökumət təşkilatları tərəfindən Şuşada həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd etmişdir.
V.Quliyev qeyd edib ki, bu gün başlayan Şuşa səfəri QHT-lərin Qarabağ bölgəsinə sayca 12-ci səfəridir. Bu günədək yalnız Şuşaya QHT-lərin 800-dən artıq nümayəndəsinin, ümumilikdə Qarabağa 1500-dən çox QHT təmsilçisinin səfəri təşkil edilib.